“Hər bir şirkətin inkişafı üçün dövriyyə vəsaitinin davamlı artırılmasına ehtiyac var. Bu dəfə “Az-Lead” şirkəti üçün bu ehtiyacı “AzFinance” investisiya şirkəti təmin edir. Hesab edirəm ki, kapital bazarı üçün ilin son uğurlu layihəsi “Az-Lead” MMC-nin maliyyələşdirilməsidir. “AzFinance” həm də əlvan metal sektorunda fəaliyyət göstərən şirkətin, real sektorun maliyyəyə əlçatanlığını təmin etdi. Həmçinin investorların əlverişli yatırım aləti qazanmasına da şərait yaratdı”.
Bu sözləri “AzFinance” investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova "Fins.az"-a açıqlamasında bildirib. Şirkətin direktor müavini qeyd edib ki, “Az-lead” MMC-nin istiqrazları bir sıra faktorlara görə investorlar üçün sərfəlidir.
“İnvestorlar tədavül müddəti 360 gün, illik gəlirliyi 13% olan qısamüddətli yatırım aləti əldə etdilər. Bununla da şirkət istiqraz emissiyası etməklə bir milyon manat vəsaiti birbaşa kapital bazarı vasitəsilə təminatsız qaydada cəlb edir. Bu alətin üstünlüyü onun qısamüddətliyi və 180 gündən sonra vaxtından əvvəl geri satınalma hüququnun olmasıdır. Həmçinin bu zaman bank depozitindən fərqli olaraq investor faiz itkisinə məruz qalmayacaq”.
Əlavə edək ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 5 il müddətinə gəlir vergisindən azad olunub.
Bu, o deməkdir ki, istiqraz sahiblərinin əldə edəcəkləri gəlirlər vergidən azaddır.
Pərvanə Qasımova “Az-Lead” MMC-nin istiqrazlarını almaq istəyən investorların sifarişləri onlayn qaydada etməsinin mümkün olduğunu da bildirib.
“AzFinance” investisiya şirkəti qiymətli kağızlar bazarında rəqəmsal xidmətlərin inkişafı, investorların rəqəmsal formada yatırım etmələri üçün Trader.az platformasını yaradıb. İnvestorlar platformaya daxil olaraq ofisə gəlmədən “Az-Lead” MMC və digər emitentlərin istiqrazlarını sifariş edə bilərlər”.
Əlavə edək ki, “AzFinance” investisiya şirkəti bundan öncə real sektorda daha bir şirkəti, “AzeSteel Company” ASC-ni 5,5 milyon manat həcmində maliyyələşdirib.
Xatırladaq ki, “AzFinance” İnvestisiya Şirkəti kapital bazarında 2014-cü ildən fəaliyyət göstərir.
Əlaqə nömrələri: *7667 ; +99450 2904477