Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin fevralında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 4-dən bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb.
Fins.az xəbər verir ki, Brent nefti 4,55% ucuzlaşaraq 78,74 dollar/barelə düşüb.
Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin yanvar çatdırılması üçün fyuçersləri 3,98% azalaraq bir barel üçün 73,87 dollar olub.
"Wall Street" bankları 2023-cü ildə potensial tənəzzül barədə xəbərdarlıq ediblər, xüsusən də inflyasiya gözləniləndən daha sərt olarsa və faiz dərəcələri artmağa davam edərsə böhran daha ağır ola bilər.
Bu həftə ABŞ-ın güclü iqtisadi məlumatları, inflyasiya üzərində yuxarı təzyiqin yaxın gələcəkdə də davam edəcəyini və bu tendensiyanın Federal Ehtiyat Sisteminin (FED) daha da amansız hərəkətlərinə səbəb ola biləcəyini göstərir. FED-in faizlərini daha da artırmasının böhrana səbəb olacağı gözlənilir. İqtisadi böhranlar zamanı iqtisadiyyatın neftə tələbi azaldığından qiymətlər aşağı düşür. İri iqtisadiyyatlarda böhranın tənəzzül baş verəcəyi qorxuları neftin ucuzlaşmasına səbəb olur.
ABŞ-da anbarlarda xam neft ehtiyatları azalsa da, məhsul ehtiyatlarının, xüsusən də benzinin davamlı artması, dünyanın ən böyük neft istehlakçısında yanacağa pərakəndə tələbatın zəif qaldığını göstərir