BİRJA

02 Dekabr

Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib.

Bu barədə "Fins.az"-a AMB-dən bildirilib. Məlumata görə, sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.

 

Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Qeyd edək ki, əvvəllər adıçəkilən əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. AMB bildirib ki, prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcəkdir.

Kapital bazarından səhm və istiqraz emissiya etməklə maliyyələşmə istəyən şəxslər, habelə anderraytinq xidmətini göstərən investisiya şirkətləri //securities.e-cbar.az internet resursu vasitəsilə keçid etməklə sistemdən istifadə edə bilərlər.