BİRJA

19 Oktyabr

Tələt Kalayev: Yeni qaydalar korporativ repo əməliyyatlarının həcminin artmasına müsbət təsir edəcək

Bakı Fond Birjası tərəfindən yeni “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” qəbul olunub.

Bu dəyişikliyin bazarda hansı yeniliklərə və nəticələrə gətirib çıxarcağı ilə bağlı fikirlərini "Fins.az"-la Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətinin Üzvü və "Unicapital" İnvestisiya Şirkətinin Direktoru Tələt Kalayev bölüşüb

O bildirib ki,Bakı Fond Birjası tərəfindən qəbul edilmiş yeni qaydalara əsasən təminat əmsallarını müəyyən etmək üçün qiymətli kağızlar müxtəlif 3 əsas seqment üzrə kateqoriyalaşdırılıb

1. Qiymətli kağızların ticarət olunduğu bazarlar üzrə: premium və ya standart bazar. Premium seqmentdə ticarət olunan istiqrazlar yüksək tələblərə və standartlara cavab verirlər. 

2. Qiymətli kağızlar üzrə marketmeykerin mövcudluğuna görə. Mayketmeykeri olan istiqrazlar daha likvid hesab edilir və istənilən gün marketmeykerə gündəlik alış öhdəliyi çərçivəsində satışı icra etmək mümkündür.

3. Qiymətli kağızların ödəniş müddətinə qalan günlərin sayına görə isə 4 fərqli müddət aralığına görə: 1 ilədək, 1 ildən 3 ilədək, 3 ildən 5 ilədək və 5 ildən yuxarı tədavül müddətli.

Tələt Kalayevin sözlərinə görə qiymətli kağızlar üzrə tədavül müddəti artdıqca risk faktoru artmış olur. 

Beləliklə, korporativ istiqrazlar üzrə ən aşağı təminat əmsalı, premium bazarda ticarət olunan, market meykeri olan və tədavül müddətinə 1 ildən az müddət qalan istiqrazlara tətbiq edilir, cəmi 5%.

Ən yüksək təminat əmsalı isə korporativ istiqrazlar üzrə standart bazarda ticarət olunan, market meykeri olmayan və tədavül müddətinə 5 ildən çox müddət qalan istiqrazlara tətbiq edilir, cəmi 15%.

Tələt Kalayev onu da xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu və digər dövlət təminatı ilə buraxılan qiymətli kağızlarına isə əvvəllər olduğu kimi 0% təminat əmsalı tətbiq edilir. 

Fikirlərinin davamında o bildirib  ki, tətbiq edilən yeni qaydalar repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılmasına xidmət edib, əməliyyat həcmlərinin artmasına müsbət təsir edəcək.