BİRJA

01 Aprel

Avropada qazın qiyməti 37% artıb

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropada təbii qazın qiyməti 37 faiz artıb.

“Fins.az" xəbər verir ki, Rusiyanın qeyri-dost ölkələrə təbii qaz satışı üçün ödənişləri rus rublu ilə alması da qiymətlərə təsir edib.

Fevralın 23-də, Rusiya-Ukrayna müharibəsindən bir gün əvvəl, Niderland mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də 87,76 avro səviyyəsində bağlanıb. Fevralın 24-də isə müharibənin ilk günündə qiymətlər qalxaraq 130,66 avro səviyyəsində olub.

 

Müharibədən sonrakı sanksiyaların təsiri və təbii qaz təchizatı ilə bağlı narahatlıqlar səbəbindən bahalaşan təbii qazın martın 7-də 217,29 avro ilə rekord vurub.

 

Hazırda Rusiyanın qeyri-dost ölkələrə təbii qaz satışı üçün ödənişlərdə rus rubluna keçmə planı ilə bağlı qeyri-müəyyənlik səbəbindən qiymətlər artmağa davam edir.

 

May fyuçerslərinin qiyməti gün ərzində 127 avroya çatdıqdan sonra dünənə görə təxminən 1 faiz artaraq axşam saatlarında 121 avro olub. Belə ki, Avropada təbii qaz qiymətləri sözügedən müharibənin başlanmasından bəri 37 faiz artıb.

 

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri hazırda təbii qaza olan tələbatının 40 faizini Rusiyadan təmin edir. Bu tədarükün isə təxminən üçdə biri Ukraynadan keçir.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin qeyri-dost ölkələrə təbii qaz satışı üçün ödənişlərin rus rubluna keçməsi ilə bağlı fərman imzalayıb. Putinin imzaladığı fərmana əsasən, Rusiya qazının dost olmayan ölkələrə satışına görə ödənişin rublla alınması üçün yeni sistem bu gündən (1 aprel) etibarən qüvvəyə minir.