BİRJA

23 Sentyabr

İntiqam Səfərəliyev: Faiz dərəcələrinin enməsi bu proseslərdə bizə dəstək oldu

Uzun müddət idi korporativ istiqrazların kapital bazarına daxil olmasını planlaşdırırdıq.

Fins.az xəbər verir ki, bunu "AzFinance İnvestisiya şirkəti"-nin direktoru İntiqam Səfərəliyev deyib.

O Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “TBC Kredit” BOKT MMC-nin  iştirakı ilə “Açılış zəngi” mərasimində istiqrazların buraxılmasının Azərbaycanın kapital bazarı üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, "Bu barədə ötən illər də müəyyən məlumatlar vermişdik. Pandemiya şəraitində bu proses bir az uzandı.Avqust ayında biz bir BOKT-un istiqrazlarının emissiyasını həyata keçirdik. Kapital bazarında eyni zamanda dövlət qiymətli kağızlarında da faiz dərəcələrinin enməsi bu proseslərdə bizə dəstək oldu. "TBC kredit" də bizə istiqraz buraxılması üçün müraciət etdi. Biz onun maliyyə hesabatlarına nəzərə yetirdikdən sonra qısa müddətdə istiqrazların ərsəyə gəlməsinə şərait yaratdıq,qeydiyyatdan keçirdik. Bildirmək istərdim ki, Mərkəzi Bank tərəfindən çox qısa müddətdə qeydiyyat prosesi həyata keçirildi. İstiqrazların listinqə daxil edilmə prosesi 3 iş günü ərzində reallaşdırıldı.

İntiqam Səfərəliyev şirkətlərin kapital cəlb etmək üçün istiqaraz buraxmasının önəminə toxunaraq "Bütün bunlar çox əhəmiyyətlidir. Ona görə ki, adətən kapital cəlb etmək istəyən insanlar çox qısa müddətdə vəsait cəlb etmək istəyirlər.Ümid edirəm bu istiqraz emissiyaları uzun müddət davam edəcək"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva