BİRJA

20 Sentyabr

İntiqam Səfərəliyev: Yerli şirkətlərə kapital cəlb etmək üçün maliyyə məhsulları düzəldirik

"G7" ölkələri və ABŞ yoxsul, eləcə də inkişaf etməkdə olan ölkələr üçün COVID-19 böhranından daha yaxşı çıxmalarına imkan yaratmaq məqsədilə Beynəlxalq Valyuta Fondundan təxminən 100 milyard dollar həcmində maliyyə ayıracaq. Bu isə Çinin kiçik iqtisadiyyatlarla borc əsaslı münasibətləri fonunda baş verir.

Bu mövzu ilə bağlı Fins.az-ın suallarına "AzFinance" İnvestisiya şirkətinin direktoru İntiqam Səfərəliyev cavab verir.

ABŞ-Avropa əlaqələri fonunda G7 ölkələrinin kiçik iqtisadiyyatlara, xüsusilə “Bir kəmər, bir yol” layihəsinə qoşulan ölkələrə pandemiyanın təsirinin azaldılması adı altında Beynəlxalq Valyuta Fondundan təxminən 100 milyard dollar həcmində maliyyə ayırmasının əsas konturlarını necə qruplaşdırırsınız və bu nə ilə nəticələnə bilər?

Çinin iqtisadi cəhətdən güclənməsi ixracın artması hesabına baş verir. Yaranmış vəziyyət Çin ilə iqtisadi mübarizənin yeni müstəviyə keçməsi kimi başa düşülə bilər. Kiçik ölkələr ən azı öz daxili tələbatını ödəyəcək həcmdə istehsal qura bilməsələr, bir müddət sonra hətta kənd təsərrüfatı məhsullarını belə Çindən idxal edəcək vəziyyətə düşə bilərlər. Bunun ardınca isə ölkə müflisləşə və ya bütün əmlakını girov qoyub yalnız idxal ölkəsi kimi bütün daxili resurslarını xaricilərə satmalı olacaqdır. Çinin əsas borc vermə səbəbi də elə budur. "Bir kəmər, bir yol" layihəsinə qoşulmuş ölkələrdə isə bu proses daha sürətli gedə bilər. Ona görə ki, Çin məhsulu bu ölkədən keçib Avropaya gedir. Bu ölkələr həmin məhsulların nəqliyyat xərci aşağı olmaqla daha ucuz ala bilərlər və daxili istehsalı qorumaq üçün heç bir tədbir görmək mümkün olmaya bilər. G7 bu ölkələrin Çinin tam təsiri altına düşməməsi üçün tədbir görməyə çalışır. Bu yollardan biri də bu ölkələrdə güclü bizneslər, rəqabət qabiliyyətli məhsul istehsalı mütləqdir. Biznesin kökündə isə kapital və işçi qüvvəsi dayanır. G7 kapitalı təmin etməklə dəstək olmaq niyyətindədir, işçi qüvvəsi isə daxildən formalaşmalı olan məsələdir. Burada əsas olan məqamlardan biri də G7 ölkələrinin istehsal etdiyi məhsulların həmin kiçik iqtisadiyyatlarda satışının təmin edilməsidir. Çünki Çinin təsir dairəsinə düşəcək ölkə ancaq Çin avtomobili, geyimi və digər məhsulunu almaq məcburiyyətiylə üzləşə bilər. ABŞ və G7-nin hədəflərin biri də qlobal rəqabətqabiliyyətliliyin daim qalmasını təmin etməkdir.

G7-nin maliyyə ayırdığı ölkələrdə, xüsusilə Azərbaycanda, sahibkarlar bu maliyyəni necə əldə edə bilərlər?

 İstənilən halda maliyyə vəsaitini cəlb etmək üçün biznesin düzgün təqdimatı olmalıdır. Biznesin sağlamlığını göstərən məlumatlar onun maliyyə analizi nəticəsində ortaya çıxır. Maliyyə analizi isə maliyyə hesabatları, mühasibatlıq və uçot məlumatları əsasında aparılır. Sahibkarlarımız mütləq şəkildə təqdim edə biləcəkləri və onların fəaliyyətini açıq göstərən, onların bu biznesə sərf etdikləri resursları nümayiş edən maliyyə hesabatlarına sahib olmaqla yanaşı, səhmlər və istiqrazlar təqdim edə biləcək formaya gəlməlidir. Artıq bir neçə beynəlxalq təşkilatlar və xarici fondlar həm şirkətlərə birbaşa, həm də bizim vasitəmizlə investisiya etməyi təklif edirlər. Vəsaiti cəlb etmək üçün isə istehsal şirkətləri hazır olmalıdırlar. Təqdim edə biləcəkləri audit edilmiş maliyyə hesabatları və maliyyə məhsulları olmalıdır.

"AzFinance" İnvestisiya şirkəti sahibkarlara dəstək məqsədilə ayırılan maliyyələrdə lokal bazarda fəaliyyət göstərən sahibkarlara necə yardım edə bilər?

Biz hazırda bir çox sahibkarlarla bu istiqamətdə çalışırıq. Şirkətləri təhlil edirik, maliyyə mühəndisliyi edib onlara vəsait cəlb etməyə imkan verən maliyyə məhsulları düzəldirik. Məsələn, istiqraz buraxılması prosesini həyata keçiririk və bu istiqrazları alırıq. Bizə xarici müraciətlər olduqda isə maliyyə məhsullarını, yəni bu səhmləri və istiqrazları onlara təqdim edirik. Yəni artıq hazır məhsul əlimizdə olur.

Şirkətlərin öz səhmlərini bazara çıxarması Azərbaycan sahibkarına nə qazandıra bilər?

  İlk növbədə bu yolla ehtiyacı olan vəsaiti geri qaytarmamaq və faizsiz şərtlərlə ehtiyacı qədər cəlb etmə imkanı formalaşır. Bundan başqa isə səhmlərə olan tələb nəticəsində özünün şirkətdəki sərmayəsini bir neçə dəfə artıra bilir və istəsə bu səhmləri sayıb digər biznesə başlaya bilər. Məsələn, Teslanın səhmləri ilk bazara çıxanda 3 dollar idi, indi isə 700 dollardı. Sahibinin sərmayəsi 10-11 ilə 233 dəfə artıb. Belə qazanc heç bir biznesdə yoxdur. Yəni səhmlərin qiymət artımından qazanmaq biznesin mənfəətinin artmasından qazanmaqdan dəfələrlə yüksək olur. Misal gətirdiyimiz Tesla hələ bugünədək mənfəət əldə etməyib.

Müəllif: Fariz Əzimov