Qlobal iqtisadiyyatın bərpası fonunda metal qiymətlərindəki sürətli bahalaşma alüminiumdan da yan keçməyib. Pivə bankalarından qablaşdırma məhsullarına qədər hər şeydə artan qlobal tələbat, eləcə də Çində hasilatın (xüsusən Yunnan əyalətində) azalması əsas təkanverici qüvvədir.
Fins.az xəbər verir ki, Financial Times-a istinadla xəbər verir ki, 2021-ci ilin əvvəlindən 31% artan alüminium qiymətləri bu həftəni 1 tona görə 2615 dollar qiymətlə başlayıb. Bu isə, son 10 ilin ən yüksək göstəricisidir.
Artan tələbat və bahalaşan qiymətlər istehsalçı şirkətlərin də bazar dəyərini yüksəldib. Ən iri qlobal alüminium istehsalçılarından olan amerikan şirkəti Alcoa-nın səhmləri bu il 68%, Avropanın Norsk Hydro qrupunun dəyəri isə 47% bahalaşıb.
BMO Capital Markets şirkətinin analitik hesablamalarına görə, ABŞ-da satılan pivənin 74%-dən çoxu alüminium bankalarda və butulkalarda qablaşdırılır. BMO bu il alüminiumun qlobal istehlakının 9% artaraq, 68 milyon tondan çox olacağını proqnozlaşdırır. Bu gedişlə, cari ilin qiymətləri “ən böyük illik tələbat” adlandırılan 2010-cu ilin göstəricisini də geridə qoyacaq.