Həftənin ikinci iş günündə Avropa bazarlarında müsbət dinamika gözlənilir.
Fins.az xəbər verir ki, qlobal birjaların həftəyə “bulanıq” əhval-ruhiyyədə başlamasına baxmayaraq, bugünkü göstəricilər daha optimist olmalıdır. Avropa İttifaqında bəzi iqtisadi göstəricilərin, eləcə də bir sıra nəhəng şirkətlərin nəticələrinin açıqlanması nikbinliyə əsas verir.
Böyük Britaniyanın ən iri forex şirkəti və analitiki IG-nin proqnozuna görə, Almaniyanın DAX birjasının 80 bənd artaraq, günə 15,487 göstərici ilə, Londonun FTSE indeksinin 51 bənd yüksələrək, 7,087 göstəricisi, Fransanın CAC40 indeksinin 39 bənd yuxarı - 6,403 və İtaliyanın FTSE MIB indeksinin 224 bənd yüksəlməklə 24,845 göstəricisi ilə başlayacağı ehtimal olunur.
Bugün Avrozonanın cari ilin birinci rübü üzrə ÜDM artım göstəriciləri, həmin dövr üzrə məşğulluq rəqəmləri və Britaniyada mart ayı üzrə işsizliyə dair statistika da açıqlanması gözlənilən məlumatlar sırasındadır. Həmçinin Fransanın enerji nəhəngi Engie, Böyük Britaniyanın mobil rabitə şirkəti Vodafone, ev təmiri və dizayn xidmətləri göstərən Homeserve və dünyanın dördüncü ən iri siqaret şirkəti Imperial Brands da rüblük nəticələri açıqlayacaqlar.