BİRJA

21 Aprel

İki illik istiqrazlara növbə yarandı – İLLİK 7%

Maliyyə Nazirliyinin aprelin 20-də birjaya çıxardığı istiqrazların satışında yüngül rekord qeydə alınıb.

Fins.az xəbər verir ki, iki illik istiqrazlara tələb təklifi təqribən 6 dəfə üstələyib.

20 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105012881 ISIN-li, 40 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 21 investor tərəfindən ümumilikdə 228 milyon manatlıq olan 34 sifariş verilib. Sifarişlərdə qiymət intervalı 91.3372 (12.0000%) və 100.5899 (6.6800%) arasında dəyişib.

Maliyyə Nazirliyi 12%-lik təkliflərə heç baxmayıb, nazirliyin qərarı ilə istiqrazların kəsmə qiyməti 100.0184 (6.9899%), orta ölçülmüş qiyməti  100.0972 (6.9471%) müəyyən edilib. Üstəlik, sərfəli şərtlərlə olan sifarişlər çox olduğuna görə nazirlik 40 milyon əvəzinə 60 milyon manat istiqraz yerləşdirib. İstiqrazların ödəmə tarixi  18  aprel 2023-cü  il.

Hərrac iştirakçıları 21 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.