BİRJA

16 Aprel

Rekord istiqraz emissiyaları

Qlobal səviyyədə aşağı borclanma xərcləri (faizləri) bankları və şirkətləri istiqraz emissiyalarını (buraxılışlarını) artırmağa istiqamətləndirir.

Fins.az  Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ-da böyük banklar rekord istiqraz emissiyalarına imza atırlar.

JPMorgan 13 milyard dollarlıq istiqraz satışı ilə tarixinin ən böyük emissiyasını reallaşdırıb.

14,3 milyard dollarlıq rekord ilk rüb xalis mənfəəti açıqlayan JPMorgan-ın emissiyasına 26 milyard dollarlıq sifariş (tələb) olub. Bu emissiya ilə birlikdə bankın dollarda istiqraz emissiyaları bu il 22 milyard dollara çatıb.

Rəqib bank Goldman Sachs Group da 11 və 21 il müddətli iki tranş ilə 6 milyard dollarlıq istiqraz emissiya edib. 

ABŞ Mərkəzi Bankının (Fed) pandemiya dövründə faizləri aşağı salması və bir sıra tədbiri bankları istiqraz buraxılması yolu ilə sərmayələrini gücləndirməyə yönəldib. 

ABŞ xaricindəki şirkətlər də ucuz borclanma mühitində böyük emissiyalara imza atırlar. Çinin Tencent şirkəti də 4,15 milyard dollarlıq istiqraz emissiyası reallaşdıraraq bu il Asiyanın ən böyük emissiyalarından birinə imza atıb.