BİRJA

08 Sentyabr

Pulumuzu qoruyaq, yoxsa artıraq?

Pulumuzu qorumaq elə onu artırmaq deməkdir. Yəni, iqtisadiyyat normal halda daim irəli getməli olduğu kimi pul da düzgün investisiya ilə müəyyən bir gəlir gətirməlidir. Əgər pulumuz bizə pul gətirmirsə, o deməkdir ki, dəyər itirir, yəni pulumuzu qoruya bilmirik. Azərbaycanda bu gün investisiya dedikdə ilk olaraq daşınmaz əmlak almaq və banka əmanət yerləşdirmək və ya üçüncü bir hal kimi beynəlxalq bazarlarda treyd etmək başa düşülür. Halbuki Azərbaycanda az inkişaf etməsinə baxmayaraq maliyyə sisteminin təməlini təşkil edən qiymətli kağızlar bazarı mövcuddur.

 Azərbaycanda müəyyən bir miqdarda vəsaiti olan insanlar onu artırmaq niyyətindədirsə ilk növbədə bazar araşdırması apararaq düzgün investisiya növünü seçməlidir. Əgər bunu etməyə vaxtı və ya həvəsi yoxdursa məsləhət almalıdır. Məsləhəti isə investisiya şirkətindən yəni köhnə adı ilə brokerdən ala bilər. Beynəlxalq praktikada da bu belə işləyir.

Əgər vətəndaş vəsaitini qiymətli kağızlar bazarına yerləşdirərək qazanmaq istəyirsə, yalnız investisiya şirkəti vasitəsilə bunu edə bilər. Bu yerli qanunvericilik əsasında tənzimlənir. Qiymətli kağızlarla əməliyyatlar həm birjada (Bakı Fond Birjası) həm də birjadan kənar həyata keçirilir. Bakı Fond Birjası platforması ilə və birjadan kənar əməliyyatlar yalnız investisiya şirkəti vasitəsilə mümkündür. Həmçinin investisiya şirkəti beynəlxalq maliyyə bazarlarına giriş imkanı da təqdim edir.

Yerli qiymətli kağızlar bazarı tam risksiz (yəni dövlət zəmanəti ilə) stabil gəlir gətirə bilmə imkanına sahibdir. Stabil gəlir gətirən qiymətli kağızlar istiqrazlardır. İstiqraz dövlətimizin əsas borclanma alətidir. Maliyyə Nazirliyinin buraxdığı istiqrazlar ən aşağı riskli və stabil gəlir qazandıran qiymətli kağızlardır. Hal-hazırda qısa müddətli dövlət qiymətli kağızları ilə 5-6% qazanmaq mümkündür. Hal-hazırda 9-15% arasında qazandıran müxtəlif korporativ istiqrazlar da mövcuddur. Bunlar defolt riskli olsalar da müəyyən bazar araşdırmaları vasitəsilə, həmin şirkətin maliyyə hesabatları ilə müəyyən bir rəqəmə çıxıb əldə etmək istəyən vətəndaşlar (investorlar) da az deyil.

İnvestisiya şirkəti yalnız göstərilən xidmətin müqabilində xidmət haqqı alır.

Müəllif: Ramil Səmədov

"AzFinance" İnvestisiya Şirkətinin Aktivlərin idarə edilməsi şöbəsinin rəhbəri

İnvestisiya məsləhəti almaq istəyən şəxslər üçün; Əlaqə tel: (+994) 50 290 30 64

e mail: [email protected]