Marja xəbər verir ki, qlobal investorların bəziləri 2020-ci ilin nəticələri əsasında hazırda Ant Gropu-un bazar dəyərinin 200 milyard dollar təşkil edəcəyini bildirir. Ötən il Alibaba ilə Çin hökuməti arasında yaşanan olaylardan sonra maliyyə nəhəngləri birja xəbərlərinə daha soyuqqanlı yanaşırlar.
Xatırladaq ki, Ant Group 2020-ci ilin oktyabrında Səhmlərin İlkin Kütləvi yerləşdirilməsinə gedərək, səhmlərdən 34 milyard dollarlıq hissəni satacağını bildirmişdi. Bu, həmin zaman dünyanın ən bahalı IPO-su hesab edilirdi və şirkətə ümumilikdə 313 milyard dollar bazar dəyəri qazandıracağı proqnozlaşdırılırdı. Son anda Çinin bazar tənzimləyicisinin məsələyə müdaxiləsi bu IPO-nun baş tutmasına mane olmuş və Alibaba-nın rəhbəri Cek Ma ilə Çin rəsmiləri arasında münasibətlər pisləşmişdi.
2014-cü ildə Alibabanın üçüncü tərəflərə mobil və onlayn ödəniş xidmətləri təklif edən platforması Alipay rebrendinqə gedərək, fintech bazarında Ant Group yaradıldı. Şirkət ötən dövr ərzində bir milyarddan artıq istifadəçiyə və 80 milyon ticarətçiyə xidmət göstərən dünyanın ən böyük rəqəmsal ödəniş platformasına çevrilmişdir. 2020-ci ilin iyununa olan məlumata görə, Ant Group-un Alipay platforması ilə aparılan illik maliyyə əməliyyatlarının həcmi 118 trilyon yen (təqribən 18 trilyon 150 milyard dollar) təşkil edir.
Alipay Ant Group-a çevrildikdən sonra, şirkət davamlı olaraq səhm və bazar dəyərini artırmışdır. 2015-ci ildə əsasən Çin investorlarından 4,5 milyard dollar maliyyələşmə cəlb edərək 45 milyard dollarlıq bazar dəyəri qazanmış, 2017-ci ildə bu dəyər 60 milyard dollara qədər yüksəlmişdir. 2018-ci ildə investorlardan əlavə 14 milyard dollar maliyyələşmə cəlb etmişdir, bu o zaman bir özəl şirkətin tək raundda cəlb etdiyi ən böyük maliyyələşmə hesab olunurdu.
2020-ci ilin oktyabr-noyabr aylarında Şanxay və Honkonq birjalarında nəzərdə tutduğu listinqə çıxmaq planlarını məcburi olaraq dayandıran Ant Group, Çin Xalq Bankının göstərişlərinə əsasən yenidən təşkilatlanma həyata keçirməli və hökumətə icra planı təqdim etməlidir.
Ant Group son xəbərlər və 200 milyard dollarlıq bazar dəyərləndirməsi ilə bağlı şərh verməkdən imtina edib. Növbəti həftələrdə şirkət tərəfindən daha ətraflı məlumatın açıqlanacağı gözlənilir.