Bakı, 11 yanvar Fins.az
SOCAR 100 milyon dollar məbləğində istiqraz buraxmağı planlaşdırır. Emissiya hər birinin nominal dəyəri 1000 dollar olan 100 min ədəd istiqraza bölünüb. Kuponun faiz dərəcəsi illik 4,5%-dir, istiqraz sahiblərinə ödənişlər rübdə bir dəfə həyata keçiriləcək.
İstiqrazların emissiya ediləcəyi dəqiq tarix barədə SOCAR istiqrazlarının anderayterlərindən biri olan "PSG Kapital" investisiya şirkətinin investisiya depatamentinin rəisi Xanlar Alirzayev Fins.az-a açıqlamasında bildirib ki, SOCAR-n yeni istiqrazların buraxılışı ilə bağlı müraciəti Mərkəzi Bank tərəfindən keçən ilin dekabr ayının 30-da qeydiyyata alındı. Bu istiqrazlar kütləvi təklif olunduğu üçün emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektindəki məlumtalara əsasən istiqrazların yerləşdirilməsi bu il ərzində baş tutmalıdır. Ancaq dəqiq vaxt emissiya prospektində qeyd edilməyib. İstiqrazlar abunə yazılışı formasında kütləvi təklif olunacaq. Əvvəlcədən abunə yazılşının başlanma tarixi KİV-lərindən açıqlanacaq. Bu istiqrazlar da 5 il müddətində hər rüb faiz ödəməklə 100 milyon ABŞ dolları həcmində olacaq. Kupon faizi illik 4.5 faiz təşkil edəcək.
O, SOCAR istiqrazlarının bazara kütləvi təklifi bazarda hansı dəyişikliyə gətirib çıxaracağı barədə fikirlərini bölüşərək qeyd edib ki, bildiyiniz kimi, əvvəlki buraxılış artıq 4 ildən çoxdur ki yerli fond birjamız olan Bakı Fond Birjasında alqı-satqı olunur, ticarəti hələ də davam edir. Kütləvi təklif edilən bu istiqrazlar vətəndaşlarımızın kapital bazarına çıxışı üçün bir növ cığır oldu. Baxmayaraq ki, əvvəllər də istiqrazlar buraxılırdı, ancaq o istiqrazlara əhalinin bir çox səbəblərdən marağı olmurdu. Lakin SOCAR İstiqrazına maraq və münasibət yüksək olması səbəbindən fond birjasında hər il ən çox alqı-satqı olunan istiqraz oldu.
Xanlar Alirzayev SOCAR istiqrazlarının Azərbaycan qiymətli kağızlar bazarında mühüm alət olduğunu vurğulayaraq "Bu ilin oktyabrında istiqrazın müddətinin bitməsi investorlar üçün belə bir alətin tapılmasında çətinlik yaradacaq. Lakin yeni buraxılan istiqrazlar isə belə bir imkanı daha 5 ildə də yaradacaq. Üstəlik kapital bazarına hər il daxil olan yüzlərlə investor artıq digər təşkilatların istiqrazlarına da maraq göstərəcəklər. Bu da kapital bazarlarımızın təbii inkişafı üçün müsbətdir"- deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva