BİRJA

08 Yanvar

Bitcoin – yeni nəsil investisiya aləti

Bakı, 8 yanvar Fins.az

Müasir dövrdə yeni nəsil maliyyə aktivi kimi kriptovalyutalar kifayət qədər populyarlıq qazanıb. Kriptovalyutalar investorlar üçün yüksək riskli maliyyə aktivi olmaqla barəbər son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib. Rəqəmsal aktivlər arasında hazırda ən çox tanınan kriptovalyuta bitcoin hesab edilir.

      Bitcoin (bitkoin) - rəqəmsal valyutanın bir növü olmaqla yanaşı ödəniş sistemi şəbəkəsidir. Kriptoqrafik protokola əsaslanan bitcoin istifadəçilər arasında vasitəçi olmadan kompüter və ya smartfonlar ilə xüsusi elektron cüzdanlar vasitəsi ilə köçürülə bilir. Bitcoin-cüzdan yaratmaq üçün e-poçt olması kifayət edir. Bitcoin hesabı 33 simvoldan (rəqəm və hərf) ibarət olur və hesab nömrəsi 1 və ya 3 ilə başlayır. Məsələn: 1DgDHCAmuDhZaAm9LZ5VBttzLgT9pk5JcY.

      İlk kriptovalyutanın yaradıcısı Satoşi Nakamoto hesab olunur. O, “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi (Bitcoin White Paper) internetdə dərc etməklə ilk kriptovalyutanın tarixi başladı. Bitcoin ilə bağlı məlumat ilk dəfə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin (Genesis block) 2009-cu il yanvarın 3-ü yaradılıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitcoin üçün əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər. Satoşi Nakamotonun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalmaqdadır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamotonu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində “The Times” nəşrindən olan «Chancellor on brink of second bailout for banks»  adlı başlığının olmasıdır.

     Bitcoin-in əldə edilməsi prosesi mədənçilik və ya mayninq (minig) adlanır və bu proses blokçeyn (blockchain) texnologiyasına əsaslanır. Bitcoin qabacadan müəyyən alqoritim əsasında emissiya edilir. Bitcoinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını blockchain texnologiyası təmin edir. Bitcoinlərin sayı məhduddur və maksimum sayı 21.000.000 ola bilər. Alqoritm üzrə sonuncu bitcoin 2140-cı ildə mayninq ediləcək. Bitcoin adətən qısa olaraq BTC yazılır və 100.000.000 satoşiyə bərabərdir. Yəni, satoşini bitcoin-in qəpikləri kimi hesab etmək olar. 

       Bitcoin hər hansı bir dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb və təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilir. Bitcoin-dən istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz çünki rəqəmsal valyutaların dövriyyəsi birbaşa internetdə baş verir və onlardan istifadə edənlərə hər hansı nəzarət mexanizmi yoxdur.

Bitcoin-in qiymətinə 2 əsas amil təsir edir:

  1. Tələb və təklif amili. Bazarda tələb varsa qiymət də yüksək olacaq. Tələb isə o zaman yaranır ki, investorlar arasında bitcoin-ə maraq və inam artır.
  2. Çətinlik əmsalı. Kriptovalyutanın sayının məhdud olması hər bir yeni bitcoin-in “mayninq”-nin ondan öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Çətinlik əmsalı artıqca bitcoin-in "maya dəyəri" də artır.

       Kütləvi informasiya vasitələrində bitcoin haqqında dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. İstənilən fundamental faktor bazar iştirakçılarının əhval-ruhiyyəsindən aslı olaraq birbaşa investorların qərarlarına təsir edir. Əsas fundamental faktorlar:

  • Dünyada baş verən qlobal iqtisadi böhranlar və siyasi gərginliklər.. Məsələn: ABŞ-Çin ticarət müharibələri, ABŞ-İran münasibətlərinin gərginləşməsi və s;
  • Koronavirus (Covid-19) pandemiyası;
  • Beynəlxalq maliyyə tənzimləyici orqanlarının rəsmi açıqlamaları və dövlətlərin kriptovalyutalarla bağlı siyasətləri;
  • Kriptovalyuta sənayesində baş verən yeniliklər, birjalara haker hücumları;
  • İctimai şəxslər və nüfuzlu korporativ şirkətlərin açıqlamaları.

Bitcoin vasitəsi ilə gəlir əldə etməyin 3 əsas üsulu var:

  1. İnvestor strategiyası – bitcoin alıb uzunmüddətli mövqedə bahalaşmasını gözləmək və bahalaşdıqdan sonra satmaq;
  2. Treyder strategiyası – bitcoin alıb kriptovalyuta birjalarında qısamüddətli mövqedə ticarət etmək və yaranmış məzənnə fərqində gəlir əldə etmək;
  3. Mayninq avadanlıqlarını almaqla bitcoin mayninq etmək. Bunu etmək üçün xüsusi texniki biliklərə malik olmaq şərtdir.

 

 Bitcoin almaq və onu sonrdan nağd pula çevirməyin 4 əsas üsulu var: kriptovalyuta birjaları, mübadilə servisləri, bitcoin ATM-lər və fiziki şəxlərin (əldən almaq) köməyi ilə. Bitcoin aldığınız zaman 3 mühüm risk faktorunu nəzərə almalısınız:

  • Yüksək volatillik riski. Bu o deməkdir ki, tənzimlənməyən kriptovalyuta bazarında qiymətlər gün ərzində sürətlə qalxa və ya eyni zamanda enə bilər. Bu faktor kriptovalyuta bazarına xas olan xüsusiyyətdir. Buna psixoloji hazır olmaq lazımdır.
  • Hüquqi risk. Kriptovalyutalar üzrə hələ də vahid beynəlxalq hüquqi tənzimləmə mexnizmi olmadığından investorların istədikləri vaxt bitcoin-i nəğdləşdirmək və ya ödəniş vasitəsi kimi istifadə imkanları olmur.
  • Elektorn cüzdanın hak edilməsi və ya parolun itirilməsi. Bitcoin vahid mərkəzdən idarə olunmadığı üçün itirildiyi və ya oğurlandığı zaman geri qalytarılması üçün müraciət etmək imkanı yoxdur. 

        Bitcoin bir çox hallarda "rəqəmsal qızıl" adlandırılır. Bitcoin-in əsas xüsusiyyətləri: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiyası qeyri-mümkündür. Bitcoin şəbəkəsində insanlar bir-biri ilə bank və ya hər hansı digər üçüncü vasitəçi olmadan, qısa zaman ərzində və çox cüzi komissiya xərci ilə valyuta mübadiləsi edir. Bu konsepsiya maliyyə sahəsində inqilabi yenilkdir! Kriptovalyuta sənayesi hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə bitcoin-nin fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün qlobal və lokal səviyyədə müyyən qanunvericilik aktlarının qəbul edilməsi vacib şərtdir. Dövlətlər, beynəlxalq tənzimləyici qurumlar və iri maliyyə təşkilatları bu baxımdan tələsmirlər və rəqəmsal valtutaların imkanlarını, onların yarada biləcək riskləri araşdırırlar. Hələ ki, yalnız Yaponiya bitcoin-i rəsmi ödəniş vasitəsi kimi qəbul edib.

Niyə Bitcoin?

Bitcoin-ə dəyər qazandıran əsas xarakteristikaları:

  1. Blokçeyn texnologiyası. Bitcoin bu texnologiyanın ilk məhsuludur. Blokçeyn təkcə kriptovalyuta seqmenti üçün deyil maliyyə-bank, səhiyyə, təhsil, loqistika, media, turizm sektorlarında da tətbiq edilir və çox güclü potensiala malikdir.
  2. Mərkəzi idarəetmənin olmaması. Mərkəzləşdirilmiş strukturlardan fərqli olaraq, bitcoin şəbəkəsində heç kimin təkbaşına qərar vermək və  ya dəyişiklik etmək hüququ yoxdur. Bitcoin hər hansı bir dövlətin siyasi və iqtisadi vəziyyətdən, Mərkəzi Bankların monetar siyasətlərindən asılı deyil.
  3. Maliyyə senzurasının olmaması. Bitcoin şəbəkəsində ünvan və e-cüzdan sayı, köçürmə məbləği və balansda vəsait limitləri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bank köçürmələrindən fərqli olaraq bitcoin tranzaksiyaları dəyişdirilə, dondurula və ya ləğv edilə bilməz. Sizin razılığınız olmadan vəsaitləriniz heç bir yerdə istifadə edilə bilməz.
  4. İstifadə rahatlığı. Bitcoin almaq və ya göndərmək üçün hər hansı bir elektron cüzdanın mobil tətbiqini yükləməyiniz kifayət edir. Hesabınızda olan vəsaitlərinizi istifadə etmək üçün şəxsiyyətinizi təsdiqləməyiniz, əlavə sənədlər yükləməyiniz və ya qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.
  5. Təhlükəsizlik, etibarlılıq və şifrələmə. Bitcoin şəbəkəsindəki məlumatlar çox yaxşı qorunur. Şəbəkə daxilində göndərənin və ya alıcının kimliyini bilinmir. Şifrələmə sistemi əməliyyatlardakı iştirakçıların anonimliyi təmin edilir.
  6. Kriptovalyutaların tətbiqi imkanlarının artması. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə rəqəmsal valyutaların verə biləcəyi imkanlar fiat pullar ilə müqayisədə daha çoxdur. Qlobal maliyyə böhranı və koronavirus pandemiyası dövrü buna əyani sübut oldu. Rəqəmsal ödənişlərin real sektorda tətbiqi kriptovalyutaların faydalı olmasını daha da tezləşdirəcək və bitcoin-i ödəniş vasitəsi kimi daha populyar edəcəkdir.
  7. Qiymət artımı prespektivi. Bir çox fiat valyutalar maliyyə böhranları nəticəsində dəyərni itirdikləri halda bitcoin əskinə olaraq dəyəri zaman keçdikcə daha da artıb. Nə qədər ki, dövlətlər maliyyə problemlərinin həllini iri həcmli pul kütləsini çap etməkdə görəcək bitcoin də dəyər qazanmaqda davam edəcək. 

 

Nəticə:

       Bitcoin yanvarın 8-si tarixi maksimum qiymətini yenilədi - 41.202 dollar. Nəticədə bitcoin 766 milyard dollarlıq bazar kapitalizasiyası ilə Alibaba, Tencent, Berkshire Hathaway, Samsung, VİSA, Walmart, JP Morgan kimi iri şirkətləri keçməyi bacardı.  Bununla da, son 1 il ərzində 518% artım ilə bitcoin bir daha sübut etdi ki, yeni nəsil maliyyə aktivi kimi digər ənənəvi maliyyə alətlərindən (qızıl, səhm, istiqraz, əmtəə, daşınmaz əmlak) daha sərfəli investisiyadır. 2020-ci ildə MicroStrategy, Square, MassMutual kimi şirkətlərin, müxtəlif investiysiya və hedc fondların (SkyBridge Capital, Ruffer Investment Company, One River Asset Management) bitcoin-ə investisiya etməsi ümumilikdə kriptovalyuta bazarının canlanmasına şərait yaratdı və növbəti "bitcoin ralli"-yə təkan verdi. Korporativ investorlar bitcoin-i qızıla alternativ olaraq rəqəmsal yığım aləti kimi görür və öz investisiya portfellərini dünya valyutalarının inflyasiyası fonunda hedc etmək istəyirlər. Fidelity Investments”-in apardığı sorğu nəticəsində məlum olub ki, ABŞ və Avropadakı 774 iri institusional investorların 36%-i artıq bitcoin və digər rəqəmsal aktivlərə investisya edib. Nəticələr rəqəmsal valyutaların yeni bir investisiya aktivi olaraq qəbul edilməsindəki artım tendensiyasını təsdiqləyir. Nəzərə almaq lazımdır ki, bazar iştirakçıları adətən ənənəvi aktivlər istənilən gəliri gətirmədiyi zaman bitcoin kimi riskli alternativ aktivlərə müraciət edirlər.

       Azərbaycanda sayı elə də çox olmayan yerli kripto-treyderlər və həvəskar investorlar son 2 həftə ərzində kriptovalyuta bazarında baş verən qiymət yüksəlişini diqqətlə izləyirlər. Bitcoin-in qısa müddətdə bu cür sürətli dəyər qazanması gözlənilməz olsa da ümumilikdə “kripto cəmiyyətdə” müsbət qarşılanıb. Hətta bugünə qədər ümumiyyətlə rəqəmsal valyutalar barəsində xəbəri olamayan şəxslər belə mövcud qiymət artımından sonra kriptovalyutalar, əsasən də bitcoin ilə maraqlanmaya başlayıblar. Hazırda ölkəmizdə kriptovalyutalar ilə bağlı müvafiq qanunvericilik bazası və ya tənzimlənmə mexanizmi olmadığından yerli korporativ şirkətlər kripto-investisiyalara maraq göstərsələr də faktiki olaraq hər hansı bir fəaliyyət yoxdur. Bu səbəbdən də Azərbaycanda kriptovalyuta alqı-satqısı üzrə dövriyyə və ya rəqəmsal valyuta istifadəçiləri haqqında hər hansı bir statistika yoxdur.

       Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə və kriptovalyuta sektorunda real təcrübəniz yoxdrsa o zaman çalışın bitcoin-ə itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Uğurlar!!!

Müəllif:  Elnur Quliyev