BAZAR

20 Dekabr

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

2024-cü ilin yanvar-noyabr aylarında qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 315 milyon 345 min türk lirəsi olub. 2023-cü ilin eyni dövründə bu rəqəm 453 milyon 560 min türk lirəsi təşkil edirdi.

Qurumdan bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (156) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 127 milyon 515 min türk lirəsi təşkil edib.

Məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 94 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər isə iqtisadiyyatın digər sahələrini əhatə edir.

Fuad Mədətov
Fins.az