Cari İran ilinin 8 ayı (20 mart - 20 noyabr 2024) ərzində İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti gömrükləri vasitəsilə qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart - 21 noyabr 2023) müqayisədə dəyər baxımından 35%, çəki baxımından isə 42% artıb.
Fins.az-ın məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti gömrüklərinin nəzarətçisi Sadiq Namdar jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 8 ay ərzində Şərqi Azərbaycan vilayəti gömrükləri vasitəsilə təxminən 1,32 milyard dollar dəyərində 2,61 milyon ton qeyri-neft məhsulları ixrac olunub.
Namdar qeyd edib ki, ixrac olunan qeyri-neft məhsulları əsasən çuqun, dəmir, polad, neft-kimya məhsulları, kauçuk məhsulları, mədən mineralları, meyvə və digər məhsulları əhatə edir.
Gömrük rəsmisi məhsulların əsasən Türkiyə, İraq, Gürcüstan və Azərbaycana ixrac edildiyini bildirib.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, cari İran ilinin 8 ayı ərzində (20 mart - 20 noyabr 2024) İranın qeyri-neft məhsul ixracı təxminən 104 milyon ton olub və bu, 38,2 milyard dollar dəyərindədir. İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart - 21 noyabr 2023) müqayisədə dəyər baxımından 18%, çəki baxımından isə 14,6% artıb.