Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 min 379 ton çay istehsal edilib.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 734 ton və ya 7,6% çoxdur.
Ötən ilin 10 ayında ölkədə 9 min 645 ton çay istehsal edilib.
Bu ilin noyabrın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 92,7 ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 ton və ya 16,3% azdır.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 64 milyon 282 min ABŞ dolları dəyərində 12 min 259 ton çay idxal edilib.
Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyon 835 min ABŞ dolları və ya 10%, həcm baxımından isə 1 037 ton və ya 9,2% çoxdur.
Bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,39%-ni təşkil edib.
Eyni zamanda, bu ilin 10 ayında Azərbaycandan 5 milyon 484 min ABŞ dolları dəyərində 622 ton çay ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 144 min ABŞ dolları və ya 2,7%, həcm baxımından isə 36 ton və ya 6,1% çoxdur.
Bu ilin 10 ayında çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni təşkil edib.
Fuad Mədətov
Fins.az