BAZAR

05 Dekabr

Türkiyənin Türk ölkələrinə ixracatı 16 % artıb

2024-cü ilin oktyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz artaraq 1 milyard 36 milyon 126 min dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 12,6 faiz artaraq, 9 milyard 81 milyon 955 min dollar olub.

Bu ilin oktyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 693 milyon 25 min dollar təşkil edib.

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 6 milyard 495 milyon 326 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 29 milyon 409 min dollar olub.

Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685 milyon dollara çatıb.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faiz azalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Fuad Mədətov
Fins.az