BAZAR

04 Dekabr

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 393 milyon 832 min ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.7% və ya 109 milyon 832 min ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 23.2% artaraq 107 milyon 747 min dollara, Qazaxıstandan Azərbaycana ixrac isə 45.6% artaraq 286 milyon dollara bərabər olub.

Bu dövrdə Azərbaycandan Qazaxıstana əsasən meyvə-tərəvəz (kartof, alma, armud, ərik, meşə fındığı, albalı, çiyələk, xurma və sair) konyak, ilkin formalı propilen sopolimerləri, nasos-kompressor boruları, minik avtomobilləri və başqa məhsullar ixrac edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 1%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin on ayında Azərbaycanın ticarət dövriyyəsi 39 milyard 378.7 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 807.5 milyon ABŞ dolları təşkil edib.