BAZAR

27 Noyabr

Türkiyədə qurulan BƏƏ şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitalı ilə 97 yeni şirkət qeydiyyata alınıb. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, bu dövrdə qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi məcmu kapitalı 171 milyard 302 milyon 330 min 69 türk lirəsi təşkil edib. Halbuki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 50 milyon 923 min 834 türk lirəsi idi.

Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib ki, 2024-cü ildə BƏƏ kapitalı ilə qeydiyyata alınan şirkətlərin böyük hissəsi (87 şirkət) İstanbulda yerləşir. İstanbulda bu şirkətlərin ümumi kapitalı 170 milyard 437 milyon 330 min 69 türk lirəsi olub.

Məlumatda qeyd edilir ki, hesabat dövründə qeydiyyata alınan BƏƏ şirkətlərindən 43-ü ticarət sahəsində fəaliyyət göstərir. Digər şirkətlər isə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az