BİZNES

12 Fevral

Naxçıvanın ixrac potensialı artır: Yerli istehsaldan beynəlxalq bazarlara uğurlu yol

Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Buna görə də ölkəmizdə özəl sektorun inkişafı ilə bağlı dövlətin aydın strategiyası mövcuddur. Hazırda bu strategiyanın mühüm istiqamətlərindən birini ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, istehsalyönümlü müəssisələrə lazımi şəraitin yaradılması, rəqabətqabiliyyətli ixrac məhsullarının həcminin genişləndirilməsi təşkil edir.

Təsadüfi deyil ki, indiyədək dövlət başçısı tərəfindən qəbul edilən dövlət proqramlarında da bu sahənin inkişafı diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikasında da istehsalyönümlü müəssisələrin yaradılması ən çox təşviq olunan məsələlərdəndir. Yerli sahibkarların region iqtisadiyyatına töhfəsi kimi qiymətləndirilən belə layihələr, həm də əhali məşğulluğuna öz töhfəsini verir. Haqqında bəhs edəcəyimiz “ENNA” MMC də bu sırada istisna deyil.

“Cahan Şirkətlər Qrupu”nun tərkibində fəaliyyət göstərən “ENNA” MMC 2023-cü ildən fəaliyyət göstərir və enerji içkiləri istehsalı ilə məşğuldur. İllik istehsal gücü 230 milyon qutu olan müəssisə hazırda ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən ən böyük istehsal müəssisəsidir”.

Bu sözləri “ENNA” MMC-nin icracı direktoru Ruslan Əlimərdanov deyir. Bildirir ki, iki ilə yaxındır fəaliyyət göstərən müəssisə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunub. Müəssisə satışa bağlı olaraq 3 növbəli iş rejiminə uyğun qurulub. Müasir texnoloji avadanlıqların tətbiqi müəssisədə, demək olar ki, bütün proseslərin avtomatik həyata keçirilməsini təmin edir. Hazırda burada 40 işçi çalışır və əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb.

Bəs bu gün “ENNA” MMC-də istehsal olunan məhsullar hansı bazarlara yönəldilir? Bu suala cavabında müəssisənin ixrac meneceri Bəxtiyar Hacıyev bildirir ki, zavodun fəaliyyəti dövründə hər il istehsal həcmi intensiv olaraq artır, regionlara energetik içkilərin satışı həyata keçirilir. “ENNA” brendi olan içkilər isə artıq Qazaxstan, Özbəkistan, Gürcüstan, ABŞ, Rusiya və İrana ixrac olunur. Yüksək standartlara cavab verən məhsulların Tacikstan, Çin, Almaniya və Səudiyyə Ərəbistanına ixracı üçün hazırda danışıqlar aparılır.

Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə şirkətə daxil olan “ENNA” MMC-də görüş keçirilib. Görüşdə gömrük idarəsinin nümayəndələrinə müəssisənin fəaliyyəti, istehsal edilən məhsulların analizi, çeşidləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, gömrük-biznes əməkdaşlığı çərçivəsində rəy və təkliflər dinlənilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş təhlil olunub.

Bütün bunlar bir daha onu göstərir ki, yerli istehsal məhsullarının ixracı həm sahibkarların, həm də aidiyyəti dövlət qurumlarının diqqət mərkəzində saxlanılır. Yaxın gələcəkdə isə muxtar respublikanın nəqliyyat blokadasının aradan qaldırılması bu işə daha çox töhfə verəcək.

©Xalq qəzeti