İdman

31 Yanvar

Qurban Qurbanov: "Bu mövsüm böyük təcrübə oldu"

Finss.az - "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında çıxış edib. O, rəqibi təbrik edərək, futbolçularının mübarizəsindən razı qaldığını bildirib.

Qurbanov oyun zamanı buraxılan səhvlərin nəticəsində üç qol gördüklərini qeyd edib: "Avropa Liqası bizim üçün başa çatdı. Amma keçirdiyimiz oyunlar gələcəkdə faydalı olacaq. Müdafiədəki problemləri qəbul etməliyik və onları aradan qaldırmağa çalışırıq".

Baş məşqçi "Qarabağ"ın ötən mövsüm daha yaxşı nəticə əldə etdiyini etiraf edib: "Bu mövsüm məqsədimizə çata bilmədik. Hər il uğur qazanmaq mümkün deyil. Bəzən rəqib səndən üstün olur".

Juninyonun "Flamenqo"ya transferindən 5 milyon avro qazanc əldə edilməsi barədə danışan Qurbanov qeyd edib ki, bu məbləğ vəziyyəti tam yaxşılaşdırmaz: "Büdcəsi yüz milyonlarla hesablanan komandalara qarşı oynadıq. Bir-iki milyona futbolçu almaqla problemi həll etmək çətindir".

Qurbanov əlavə edib ki, "Qarabağ" mövsüm ərzində komandanı gücləndirmək barədə düşündüyünü və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb. "Hələ vaxtımız var və inanıram ki, bunun ən az 50 faizini reallaşdıra biləcəyik" deyə fikirlərini yekunlaşdırıb.

Zemfira Ms
Finss.az