Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşasına 238 milyon ABŞ dolları ayırıb.
Fins.az xəbər verir ki, bu barədə “Gulf Business” nəşri məlumat yayıb.
Layihənin 2026-cı ilin birinci yarısında işə başlaması gözlənilir. Elektrik stansiyası, təxminən 300 min ev təsərrüfatını bərpa olunan enerji ilə təmin edəcək və karbon emissiyalarını ildə təxminən 400 min ton azaldacaq. “ACWA Power” tərəfindən tam şəkildə maliyyələşdirilən layihənin dəyəri 286 milyon ABŞ dolları təşkil edir. Stansiyanın istifadəyə verilməsi, həmçinin ildə 220 milyon kubmetrə yaxın təbii qaza qənaət etməyə imkan verəcək.
“Xızı-Abşeron” KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarında baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17, Xızı rayonunun Sitalçay kəndində isə 23 külək turbini quraşdırılması planlaşdırılır. Layihə "inşa et–sahib ol–idarə et" prinsipi əsasında həyata keçiriləcək və elektrik stansiyası illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək.
Bundan əlavə, 2024-cü ilin may ayının əvvəlində Azərbaycan Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb. Ümumiyyətlə, Azərbaycan və “ACWA Power” hazırda quruda və dənizdə ümumi gücü 2,5 QVt olan birgə bərpa olunan enerji layihələrini müzakirə edir.
Fuad Mədətov
Fins.az