Azərbaycanda son 1 il 8 ay ərzində mikro sahibkarlara verilən kreditlər 33 % artdığı halda, orta sahibkarlara verilən kreditlər 27 %, kiçik sahibkarlara verilən kreditlər isə 12 % azalıb.
Fins.az-ın məlumatına görə, bu rəqəmləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" adlı Azərbaycan Mikromaliyyə Konfransında açıqlayıb.
O.Məmmədov qeyd edib ki, bu statistika bank və bank olmayan kredit təşkilatlarının KOB-ların maliyyələşməsi və regionlarda kredit əlçatanlığı ilə bağlı daha fəal olmasının vacibliyini göstərir. O, regionlarda fəaliyyətin genişləndirilməsi məqsədilə yeni filialların yaradılmasına ehtiyac olduğunu vurğulayıb.
O, həmçinin KOBİA-nın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birlikdə kiçik məbləğli güzəştli kreditlərə ehtiyacı olan sahibkarlar üçün yeni mexanizmin tətbiqinə başladığını bildirib:
"Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manat dəyərində 914 bildiriş verilib, onlardan 3 milyon manatlıq 514 bildiriş yalnız bu ilin 9 ayı ərzində təqdim edilib. Yeni mexanizm regionlarda maliyyə əlçatanlığını asanlaşdırmaqla yanaşı, bankların risklərini də azaltmağa dəstək olacaq".
Bundan əlavə, KOBİA-nın təhsil, elm, tədqiqat və dəstək layihələrinə qrantlar ayırdığı qeyd edilib. İndiyədək 100-ə yaxın belə layihəyə ümumilikdə 1,4 milyon manat qrant verilib. O.Məmmədov, həmçinin, innovasiyaların təşviqi üçün sahibkarlara startap sertifikatlarının təqdim edildiyini də vurğulayıb.
Fuad Mədətov
Fins.az