2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin həcmi 49,316 min hektar olub. Bu rəqəm 2022-ci illə müqayisədə 7% artım deməkdir.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin 93,4%-i (46,066 min hektar) Qarabağ iqtisadi rayonunun, 6,6%-i (3,25 min hektar) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Qarabağ iqtisadi rayonunda torpaq sahələrinin həcmi 2022-ci illə müqayisədə 15,8% artıb, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 48,5% azalıb.
Qarabağ iqtisadi rayonunda 2023-cü ildə Ağcabədi rayonunda torpaq sahələri 13,987 min hektara (5,8% artım), Ağdamda isə 25,013 min hektara (1 563 dəfə artım) çatıb. Digər rayonlarda isə Bərdədə torpaq sahələri 649 hektara (1,1% azalma), Füzulidə 4,611 min hektara (5,1 dəfə azalma), Tərtərdə isə 1,806 min hektara (16,2% azalma) düşüb.
Şərqi Zəngəzur iqtisadi rayonunda Kəlbəcərdə torpaq sahələri 484 hektara (5% artım) çatıb, Qubadlıda isə torpaq sahələri dəyişməyərək 1,750 min hektar olub. Zəngilanda torpaq sahələrinin həcmi 164 dəfə azalaraq 25 hektar təşkil edib. Cəbrayıl rayonunda isə ilk dəfə 991 hektar torpaq sahəsi kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkarların istifadəsinə verilib.
Fuad Mədətov
Fins.az