BAZAR

29 Avqust

Azərbaycanın Türkiyəyə təbii qaz ixracı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 5 milyard 680,7 milyon kubmetr qaz ixrac edib.

Fins.az-ın xəbərinə görə, bu məlumat Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında əks olunub. İxrac həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb.

İyun ayında isə Azərbaycan Türkiyəyə 996,95 milyon kubmetr təbii qaz ixrac edib. Bu göstərici 2023-cü ilin iyun ayı ilə müqayisədə 34,06% artım deməkdir. Nəticədə, Azərbaycan iyun ayında Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Bu dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 43,07%-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, iyun ayında Türkiyə 2 milyard 314,93 milyon kubmetr qaz idxal edib ki, bu da əvvəlki ayla müqayisədə 0,75% azalma deməkdir. İdxal edilən qazın 1 milyard 950,83 milyon kubmetri (bütün tədarükün 84,27%-i) boru kəməri qazı olub, bu da 4,3% artımını göstərir. Mayeləşdirilmiş təbii qazın (LNG) həcmi isə 364,1 milyon kubmetr (bütün tədarükün 15,73%-i) təşkil edib və bu, 21,2% azalma deməkdir.

İyunda Türkiyəyə qaz tədarük edən ölkələr arasında Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə) və ABŞ, Əlcəzair (mayeləşdirilmiş təbii qaz) yer alıb.

Fuad Mədətov
Fins.az