2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard 825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, istifadə edilmiş vəsaitin 1138,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması (avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6 milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati binanın layihələndirilməsi və tikintisi, 15,0 milyon manatı ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Fuad Mədətov
Fins.az