Dövlət qulluğuna dair qanunvericiliyin tələbinə əsasən, elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Belə ki, namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq müsahibədə iştirak edə bilər. Namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Məlum olduğu kimi, inzibati vəzifələrin tutulmasının ümumi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmişdir. Vakant vəzifələr üzrə vəzifə təlimatlarını dövlət orqanları, Mərkəzlə razılaşdırmaqla, qeyd edilən şərtlərə uyğun olaraq hazırlayırlar.
Məlumat üçün bildiririk ki, Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir.
Son dövrün tendensiyası göstərir ki, vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər vəzifə təlimatları ilə tanış olmadan, xüsusilə də “İş stajına dair tələblər” hissəsinə diqqət yetirmədən müvafiq vəzifələr üzrə müsahibədə iştirakla bağlı müraciət edirlər.
Qanunvericiliyin tələbinə uyğun olaraq, “Ümumi Şərtlər”də iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə iş stajı müəyyən edilir.
Mərkəz tərəfindən namizədin iş illəri, habelə işlədiyi müvafiq sahənin iddia etdiyi vəzifənin “İş stajına dair tələblər” hissəsi ilə uyğunluğu əmək stajını təsdiq edən sənədlər əsasında araşdırılır, uyğunsuzluq müəyyən edildiyi halda namizədin müraciəti qeydə alınmır. Bu halların çoxluğu müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin vəzifəyə uyğunluğunun yoxlanılması prosesini ləngidir, müsahibələrin operativ təşkilində çətinliklər yaradır, habelə namizədlərin narazılığına səbəb olur.
Qeyd olunanlara əsasən namizədlərə müsahibələrdə iştirak hüquqlarından səmərəli istifadə etmələri, o cümlədən iddia etdikləri vəzifənin tutulması şərtlərini, xüsusən vəzifə üzrə müəyyən edilmiş iş stajına dair tələbləri diqqətlə analiz etmələri, tələblərə uyğunluğunu müəyyən etdikləri vəzifələrə müraciət etmələri tövsiyə edilir.