BAZAR

17 Avqust

Sertifikatlaşdırmaya dair görüşlər davam edir 

Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə dərs deyən ibtidai sinif müəllimləri üçün təşkil olunub.   

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi Xumara Ağacanova,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.

Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib.

Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.