Bu gündən etibarən Bakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb.
Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.
Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, bu proses mərhələli şəkildə həyata keçirilir. İyulun 22-də saat 11:00-dan ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb. Avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.