Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə “Abituriyentlərin psixoloji funksiyalarının qiymətləndirilməsi” məqsədi ilə yeni layihə həyata keçirir.
DİM-dən verilən xəbərə görə, layihə çərçivəsində yeniyetmə yaşına çatmış uşaqların psixoloji funksiyalarını və xüsusiyyətlərini qiymətləndirmək üçün müasir standartlara cavab verən, yeni struktura və ideyaya malik, heç bir nəzəriyyəni və ya testi təkrarlamayan, təfəkkür növləri, şəxsiyyət xüsusiyyətləri, peşə maraqları və motivasiya testləri tərtib olunub.
Qeyd olunan diaqnostik alətlərin etibarlılığını və işləkliyini təsdiq etmək üçün müvafiq elmi tədqiqat aparılıb və ümumrespublika miqyaslı normalar müəyyən olunub. Belə ki, tərtib olunan testlər orta ümumtəhsil məktəblərində yoxlanılaraq, ölkə mədəniyyətinə və cəmiyyətin xüsusiyyətlərinə uyğunlaşdırılıb.
Qiymətləndirmə alətlərinə aid olan “Peşə maraqları” testinə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüquqları haqqında şəhadətnamə də verilib.
Layihə çərçivəsində hazırlanan test və konsultasiyalarda iştirak etmək istəyənlər Dövlət İmtahan Mərkəzinə məxsus e-psixoloq.az internet platformasında qeydiyyatdan keçərək, hər iki xidmət üçün müraciət edə bilərlər. Yaş kateqoriyasından asılı olaraq aşağı sinif şagirdlərinə (7-ci sinif və daha aşağı) yalnız konsultasiya, yuxarı sinif şagirdlərinə isə əvvəl test, daha sonra test nəticələrinə əsaslanan konsultasiya xidmətinə müraciət etmək tövsiyə olunur.
Xatırladaq ki, bundan əlavə, layihənin məqsədlərinə uyğun olaraq peşələrin xüsusiyyətləri və tələbləri nəzərə alınmaqla Azərbaycanda mövcud olan 200-dən çox peşənin siyahısı da hazırlanıb. Artıq 80-ə yaxın peşənin təsviri, xüsusiyyətləri e-psixoloq.az saytının “Peşələr” bölməsinə yerləşdirilib. Digər peşələr barədə məlumatlar hazır olduqca saytın müvafiq bölməsinə əlavə ediləcək.