BAZAR

05 Mart

BDU vergi hüququ ixtisası üzrə magistratura təhsili verə bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və Xidmətin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşüblər.

Fins.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüş qurumla BDU arasında əməkdaşlığa dair Tədbirlər Planına uyğun olaraq, əlaqələrin gücləndirilməsi məqsədi ilə keçirilib.

Görüşdə dövlət vergi orqanlarının gələcək kadr potensialının formalaşmasında BDU-nun imkanları, bu məqsədlə BDU-da vergi hüququ ixtisası üzrə magistratura təhsili verilməsi, hüquq, tətbiqi riyaziyyat və kibernetika və digər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin sırasından şəffaf prosedurlar əsasında karyera yolunu dövlət vergi orqanlarına bağlamaq arzusunda olanların müəyyən edilməsi, onların Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində yay məktəblərinə cəlb edilmələri, eyni zamanda, BDU-da vergi hüququ, vergi mübahisələri üzrə məsləhətlərin verilməsi (vergi vəkilliyi), iqtisadi ekspertizalar və s. istiqamətlər üzrə fəaliyyət göstərən Mərkəzin yaradılması məsələləri müzakirə olunub.