Xaricdə təqaüdlə təhsil almaq istəyən tələbələr üçün bir çox dünya universitetləri müəyyən imkanlar yaradır.
Bununla yanaşı bəzi hallarda tələbələrin təhsil almaq istədikləri universitet, ixtisas yüksək miqdarda təhsil xərcləri tələb edir. Ancaq həm Avropa,həm Asiya, həm də Amerika müxtəlif mədəniyyətlərin nümayəndləri olan dərslərində müvəffəqiyyətli tələbələrə təqaüd imkanları yaratmaq məqsədi ilə bəzi qurumlarla daimi əməkdaşlıq edir.
Fins.az AzEdu.az-a istinadən müxtəlif dünya ölkələrinin tələbələr üçün təqaüd imkanları yaradan qurumlarını təqdim edir.
1.British Council
British Council adından da göründüyü kimi İngiltərədə təhsil almaq üçün sizə təqaüdlə bağlı dəstək olacaq və vasitəçilik edə biləcək bir təşkilatdır. Eyni zamanda xaricdəki təqaüd proqramlarına qatıla bilməyiniz üçün vacib sayılan dil sertifikatlarından biri olan IELTS bu qurum tərəfindən təmin edilir.
Təşkilatın web saytı vasitəsi ilə, yaxud filialının yerləşdiyi məkandakı nümayəndələrinə yaxınlaşaraq istəkləriniz daxilində əldə edə biləcəyiniz təqaüd proqramları və müraciət edə biləcəyiniz təhsil müəssisələri arasından seçim edərək, sənəd qəbulu müddətində bu təşkilatdan faydalana bilərsiz. Ətraflı olaraq www.britishcouncil.az adresindən məlumat əldə edə bilərsiniz.
2.Fulbright
Amerikada təhsil və təcrübə imkanlarından faydalanmağınıza kömək edə biləcək ən təsirli təşkilatlardan biridir. Çünki qəbul olsanız, xüsusən bakalavriatdan sonrakı təhsil pillələri üçün 50 min dollara qədər təqaüd ala və bundan 2 il faydalana bilərsiniz. Üstəlik, təqaüd geri qaytarılmır.
Fulbright vasitəsilə alacağınız vizaya uyğun olaraq məzun olduqdan dərhal sonra ölkənizə qayıtmalı və ən azı 2 il ölkənizdə yaşamalısınız. Ətraflı olaraq //az.usembassy.gov/education-culture/educational-programs/fulbright-student-program/ saytından məlumat əldə edə bilərsiz.
3.Campus France
Fransadakı təhsil müəssisələrində oxumaq istəyən tələbələrin müraciət etmələri və məlumat almaları lazım olan təşkilatdır. Təşkilat, Fransada təhsil almaq istəyənlərə müraciət etmək istədikləri ixtisas və universitet daxilində təqaüd imkanları da təqdim edir.
Veb ünvanı vasitəsilə inlayn olaraq müraciət etmək mümkün olduğu kimi, sənədlərinizi səfirliyə yaxınlaşaraq birbaşa da təqdim edə bilərsiz. Daha ətraflı //www.campusfrance.org/en/node/300147 ünvanından məlumat ala bilərsiniz.
4.DAAD
Almaniyada oxumaq istəyənlər üçün əhəmiyyətli olan, sərt alman nizam-intizamını və qaydalarını kənara qoyub asanlıqla təqaüd almanızı təmin edən bir təşkilatdır.
Bakı şəhərinin Azadlıq prospektində filialı yerləşən bu təşkilat vasitəsi ilə əldə edə biləcəyiniz təqaüd imkanları üçün həm filiala yaxınlaşaraq məsul şəxslərlə görüşə, həm də veb saytında araşdırma edərək istədiyiniz məlumatları öyrənə bilərsiniz.
Almaniyada, xüsusi ilə magistratura bölmələrinin müddəti bir ildir və təhsil xərclərinin qiymətləri də Amerikaya nisbətən çox uyğundur.Almaniyanın ən yaxşı universitetlərindən biri olan Goethe Universitat, 12 min avroya qiyabi təhsil almaq hüququ verir. Eyni zamanda DAAD adlı bu təşkilat bu məbləği ödəmək imkanına malikdir. Maraq dairəniz və təhsil almaq istədiyiniz universitet haqqında ətraflı araşdırma etsəniz lazım olan bütün məlumatları tapacaqsınız. Ətraflı olaraq www.daad.az ünvanından məlumat əldə edə bilərsiniz.
5.China Scholarship Chouncil
Adından da göründüyü kimi, Çində təhsil almaq istəyənlərin müraciət edə biləcəyi bir təşkilat olan China Scholorship Council, Çin Hökumətinin tutumu sayəsində təqaüd baxımından çox səxavətli bir başqa təşkilatdır.
Xüsusilə,idarəetmə və ya beynəlxalq ticarət sahəsində çox sayda təhsil proqramı ilə tanınan Çin, son illərdə Maliyyə sahəsində böyük uğurlara imza atdı. Bununla əlaqədar olaraq təhsil proqramlarını inkişaf etdirmək üçün də xüsusi qayğı göstərməyə başladı. Nəticə olaraq yaşayış şərtlərinin də çox uyğun olduğu Çin xüsusilə son illərdə tələbələr üçün ən çox seçilən ölkələrdən biri olmuşdur.
Üç növ təqaüd fürsəti təqdim edən Çin, proqram və universitet daxilində edilən müraciətlər nəticəsində müraciət edən tələbələrə lazımi fürsətləri təqdim edir. Çin Xalq Respublikasının təşkil etdiyi təqaüd proqramlarına Azərbaycan Respublikasından tələbə qəbulu Təhsil Nazitliyinə həvaləedilib. Çinin ölkəmizdəki səfirliyi fərdi müraciətlərin qəbuluna nəzarət etmir. Bu təqaüd proqramlarından faydalanmaq üçün onlayn müraciətlə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil və Xarici Tələbələrlə İş sektoruna yaxınlaşa bilərsiz. Ətraflı olaraq az.china-embassy.org və www.campuschina.org. ünvanlarından məlumat əldə edə bilərsiniz.
6. Swedish Institute
İsveçdə təhsil almaq istəyənlərin müraciət edə biləcəyi bir təşkilatdır. İsveç yüksək gəlirli bir ölkə olduğu üçün bu çərçivədə təhsilə böyük əhəmiyyət verir. Bu ölkədə təhsil almaq istəyən şəxslərin təhsil göstəriciləri yüksək olmalıdır.
İsveçdəki təhsil müəssisələrinin, eyni zamanda bu təşkilatın qəbul və təqaüd mərhələsində çox seçici olduğunu desək yanılmarıq. Ancaq təhsil baxımından mümkün olan ən yüksək şərtlərdən faydalanmağınızı təmin edən hökumət, tədris müddətindən sonrakı fəaliyyətinizdə sizə yaxşı imkanlar yaradsacaq qapılar açır.
Ətraflı məlumat almaq istəyənlər //eng.si.se/ ünvanına müraciət edə bilərlər.
7.NUFFİC
Hollandiyada təhsil almaq istəyənlərin müraciət edə biləcəyi təşkilat olan Nuffic, qapılarını hər ölkədən gələn xarici tələbələrin üzünə açır. Bir çox mədəniyyətlərdən namizəd olduğu üçün rəqabət yüksəkdir. Bu da təqaüd verərkən çox seçici olmalarına şərait yaradır.
Xüsusilə Hollandiyada magistratura təhsili aldıqdan sonra doktorantura təhsili almaq niyyətindəsinizsə, müraciət etmək istədiyiniz proqramın bir araşdırma proqramı daxilində olub-olmamasına xüsusi ilə diqqət edin. Çünki təhsilinizi davam etdirmək istədiyiniz universitetə də qəbul şansınız aşağı düşə bilər.
Yaxşı bir transkript ilə təqaüd tapmaq şansınız olduqca yüksəkdir. Bu təşkilat vasitəsilə Hollandiyada həm təhsil almaq, həm də işləmək fürsətiniz ola bilər. Mövzu ilə bağlı ətraflı məlumat almaq istəyən oxucularımız //www.epnuffic.nl/ ünvanına müraciət edə bilərlər.
Yuxarıda qeyd olunan təşkilatlar, dünya üzərində təqaüd proqramı həyata keçiriən təşkilatlardan sadəcə bir neçəsidir və bu təşkilatlar təqaüd alacağınıza zəmanət vermir. Ümumiyyətlə, hər bir təşkilatın sizdən tələb etdiyi şərtlər fərqlidir. Bəziləri sizdən ölkələrinin rəsmi dilini bilməyinizi tələb edir, bəziləri isə yalnız GPA (ortalama bal) ilə maraqlanır.