Qəbul imtahanlarının hesablanma qaydası Dövlət İmtahan Mərkəzi tərəfindən elan edildiyi zaman qaydalar müxtəlif düsturlarla riyazi dildə ifadə olunduğundan bir çox abituriyent üçün qaranlıq qaldı.
Fins.az Azedu.az-a istinadən o zaman yaranan çaşqınlığı nəzərə alaraq təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun balların hesablanma qaydalarıyla bağlı ətraflı izahı təqdim etdi.
Yaddaş üçün həmin sadə üsulları bir daha təqdim edirik:
Düstur və izaha əsasən balların hesablanması aşağıdakı kimidir.
QAYDALAR:
Şagird hər bir qrupda iki fəndən maksimum 150 bal, bir fəndən isə maksimum 100 bal toplaya bilər. Bu halda qrup üzrə maksimum bal 400 edir.
100 ballıq fənlərdə nəticənin hesablanması - QAPALI TESTLƏR:
Məlumdur ki, səhv cavabların doğru cavablara təsir etməsi yalnız qapalı testlərə aid edilir. Tutaq ki, şagird qapalı testlərdə 16+(düz) 4-(səhv) yazıb. 4 səhv 1 düzü aparır nisbəti ilə götürsək, bu halda yekun nəticə 15 düz edir.
AÇIQ TESTLƏR:
Təsəvvür edək ki, şagirdin açıq testlərdən (ümumi 5 açıq test olur) 2+(düz), 3- (səhv) yazıb. Bu tipli testlərdə səhv cavablar doğru cavablara təsir etmədiyi üçün düzgün cavabların sayı dəyişilmir : 2 düzgün cavab.
SİTUASİYA TİPLİ TAPŞIRIQLAR:
Situsasiya ( mətn, mənbə) test tapşırıqlarında (ümumi 3 tapşırıq) hər bir tapşırığa verilən maksimum bal 2-dir. Əgər şagird həmin tapşırıqlar üçün yazıla biləcək mümkün doğru cavabları tam və ya hamısını yazıbsa 2 bal, yarımçıq yazıbsa 1 bal, səhv yazıbsa 0 bal alır.
Təsəvvür edək ki, şagird yazıla bilən tapşırıqların birinə cavab verə bilməyib 0 bal alıb, ikinciyə yarımçıq cavab yazıb 1 bal alıb, üçüncü suala tam cavab yazdığı üçün 2 bal alıb. Bu halda yazıla bilən tapşırıqlardan şagirdin topladığı bal 3 edir.
NİSBİ BAL HESABLANMASI:
Yuxarıda verilən izahlar əsasında şagirdin 100 ballıq fənn üzrə nisbi bal hesablanması aşağıdakı kimi olacaq:
Qapalı testdə 16 düz 4 səhv yazdığı üçün DİM-in düsturuna görə doğru cavablardan biri silinir vəv5 doğru cavab hesablanır.
Açıq testlərdə səhvlər düzlərə təsir etmədiyi üçün 2 düz, 3 səhv olduğu üçün nəticə 2 doğru kimi hesablanır.
Yuxarıda izah olunan nəticələrdən aydın olur ki, şagird situsasiya ( mətn, mənbə) tapşırıqlarından 3 bal toplayıb.
Nəticə:
15 (qapalı test)+2 (açıq test) +3 (yazıla bilən) =20
DİM-in düsturuna görə tətbiq etsək, 20*100:33= 60.60 bal
(Burada 33 fənn üzrə suallara verilən maksimum balı bildirir)
Əgər eyni nəticə ilə 150 ballıq fənni hesablasaq alınan nəticəni 1,5 -ə vurmalıyıq