Bu tədris ili ərzində 807 azərbaycanlı tələbə xarici ölkələrdə dövlət xətti ilə təhsil alıb.
Fins.az-ın məlumatına görə, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib. 2019-2020-ci ildə bu say yenidən artaraq 807-yə yüksəlib.
Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalsa da, ümumilikdə hazırda Türkiyə azərbaycanlı tələbələrin dövlət xətti ilə təhsil aldığı ən əsas ölkədir.
2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569, 2018-2019-cu tədris ilində 243, 2019-2020-ci ildə 237 nəfər olub..
Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır. 2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə, 2018-2019-cu tədris ilində 184-ə enib. 2019-2020-ci tədris ilində Rusiyada 197 azərbaycanlı təhsil alıb.
Bu tədris ilində Macarıstanda dövlət xətti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı dəfələrlə artıb. Ötən tədris ilində Macarıstanda 1 nəfər dövlət xətti ilə təhsil aldığı halda, 2019-2020-ci tədris ilində bu say 178-ə yüksəlib.
Azərbaycan vətəndaşları təhsil almaq üçün daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər.
Bu tədris ili üzrə olan məlumata görə isə Böyük Britaniyada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 31, Çində 62, Almaniyada 17, Kanadada 30, Belarusda 12, Niderlandda 2, Koreya Respublikasında 2, Ukraynada 3 və s.dir.