BAZAR

31 Yanvar

Azərbaycanda daha bir universitet ikili diplom proqramı üzrə magistr hazırlayacaq

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və digər rəsmi şəxslər iştirak ediblər.

Təhsil naziri çıxışında bildirilib ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da ikili diplom proqramı üzrə magistratura pilləsinə qəbul aparılacaq.

C.Bayramov qeyd edib ki, magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur: “İlk mərhələdə 25 tələbə qəbul olunacaq. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər”.

O əlavə edib ki, tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq: “Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək”.

Çıxışlardan sonra tərəflər arasında saziş imzalanıb.

©Report