BAZAR

14 Yanvar

Xaricdə yaşayan azərbaycanlılar üçün: Vizasız gəliş, vergi güzəşti, ödənişsiz təhsil...

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini nəzərdə tutur.

Fins.az xəbər verir ki, komitənin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov Modern.az-a açıqlamasında “soydaş vəsiqəsi”nin əhəmiyyəti və kimləri veriləcəyi barədə danışıb.

“Soydaş vəsiqəsi”nin əhəmiyyəti nədir?!

O bildirib ki, “soydaş vəsiqəsi” cəmiyyətdə daha çox diqqət çəksə də məsələ sadəcə “soydaş vəsiqəsi”ndən ibarət deyil:

“Soydaş vəsiqəsi” məsələsi xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında qanun layihəsinin bir hissəsidir. Əsas isə Diasporla İş üzrə Dövlət Komitəsi olaraq cənab Prezidentin diaspor quruculuğu sahəsində qarşımıza qoyduğu vəzifə və öhdəliklərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bir parçasıdır. Bilirsiniz, zaman keçdikcə bütün sahələrdə olduğu kimi qanunvericiliyə də dəyişikliklər zərurətə çevrilir. Bu baxımdan qeyd edilən sənəd Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb. Nazirlər Kabinetinin dəstəyi ilə aidiyyatı dövlət qurumları ilə birgə qanun layihəsini müzakirə etmişik. Hesab edirik ki, qanun layihəsinin daha effektiv və yararlı ola bilməsi üçün müzakirələrə ehtiyac var. “Soydaş vəsiqəsi” diasporumuza böyük töhfələr verəcək”.

Vəsiqə kimlərə veriləcək?!

Komitə rəsmisi, “soydaş vəsiqəsi”nin kimlərə verilməsindən də söz açıb:

“Soydaş vəsiqəsi” xaricdə yaşayan soydaşlarımıza, Azərbaycan SSR-nin keçmiş vətəndaşlarına, Azərbaycan mənşəli əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə veriləcək. Bunu onlara Azərbaycan dövlətinin böyük dəstəyi hesab edə bilərik. Bu vəsiqəni əldə etmiş şəxslər bir neçə imtiyazlar əldə edəcəklər. Bu imtiyazlardan biri həmin şəxslərin Azərbaycan Respublikası ərazisinə vizasız gəlib-getmək imkanı ilə bağlıdır. Eyni zamanda, bir neçə güzəştlər də nəzərdə tutulub. Bu güzəştlər arasında işçi vizası olmadan Azər baycan Respublikası ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququnun verilməsi də var. Ödənişsiz ali və orta ixtisas təhsili almaq hüququ da vermək layihədə əksini tapacaq. Gələcəkdə bu qanunla vergi və digər güzəştlərin edilməsi də nəzərdə tutulur. Bütün bu qeyd olunanlar cənab Prezidentin diaspor quruculuğu sahəsində qarşıya qoyduğu vəzifə və tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərdir. Qanun layihəsinin Milli Məclis tərəfindən təsdiqi Azərbaycan diasporunun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət edəcək”.

“Beynəlxalq təcrübə öyrənilib”

Şahin Camalov qanun layihəsini hazırlayarkən beynəlxalq təcrübədən yararlandıqlarını da deyib: 

“Soydaş vəsiqəsi” ilə bağlı məsələ qanunvericiliyə daxil edilərkən Türkiyə, Gürcüstan, Polşa təcrübəsi öyrənilib. Hesab edirəm ki, daha mükəmməl təcrübə formalaşdırmaq baxımından bu, gələcəkdə daha mühüm addım olacaq. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanda tibbi yardımların almasından tutmuş bir çox güzəştləri əldə edəcəklər”.

©AzEdu.az