BAZAR

28 Dekabr

Pullu təhsilin tətbiqinə baxmayaraq, əcnəbi tələbələrin Finlandiyaya axını artır

Pullu təhsilin tətbiqinə baxmayaraq, əcnəbi tələbələrin Finlandiyaya axını artır.

Fins.az Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci ildə Finlandiya universitetlərinə ölkədə ali təhsilin pulsuz olduğu əvvəlki illərlə müqayisədə daha çox əcnəbi tələbə daxil olub.

Finlandiya universitetləri iqtisadi problemlərlə əlaqədar 2017-ci ildən etibarən Aİ-nin və Avropa iqtisadi məkanının hüdudlarından kənar ölkələrdən gələn tələbələr üçün təhsil haqqı tətbiq ediblər. Bu qərar Finlandiya universitetlərinə daxil olanların sayına dərhal təsir göstərib. Belə ki, 2017-ci ildə Finlandiyada təqribən 20 min əcnəbi tələbə təhsil alıb ki, bu da 2016-cı illə müqayisədə min nəfər azdır. Finlandiya Təhsil Nazirliyinin ali təhsil siyasəti şöbəsinin direktoru Birgitta Vuorinen STT informasiya agentliyinə müsahibəsində deyib: “Lakin azalma gözlədiyimiz qədər çox olmadı”. Finlandiya İmmiqrasiya Xidmətinin və Təhsil Nazirliyinin məlumatları göstərir ki, bu ölkədə elmi dərəcə almağa çalışan insanların sayı artmağa davam edir.

Finlandiya universitetləri aşkar ediblər ki, əcnəbi tələbələr təhsil haqqı ödəməyə hazırdırlar. Bəzi universitetlərdə müəyyən sahələrdə magistratura məzunlarının 40 faizini əcnəbi tələbələr təşkil edir.

Qeyd edək ki, Finlandiyada illik təhsil haqqı 8000-18000 avro arasında dəyişir. Lakin Finlandiya təhsilinin olması ölkədə işə düzəlmək imkanına zəmanət vermir. Buna görə də hər il təhsilini başa çatdıran 500-dək əcnəbi tələbə Finlandiyanı tərk edir. Buna görə də Finlandiyada əcnəbi istedadları ölkəyə cəlb etməyə və burada saxlamağa yönəldilmiş proqram işə salınır.