BANK

07 Fevral
4

Təcrübəli bankir “Bank VTB (Azərbaycan)”nın rəhbərliyinə gətirilib

Rusiyanın “VTB” bankının Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, 2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov və Dmitri Qalışev İdarə Heyətinə üzv seçiliblər. Yasin Cəlilov həmçinin adıçəkilən bankda Korporativ biznesin inkişafı departamentinin direktorudur. Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından etibarən adıçəkilən departamentə rəhbərlik edir. Yeri gəlmişkən, Y.Cəlilov hazırda bankın İdarə Heyətində yeganə azərbaycanlıdır. Belə ki, “Bank VTB (Azərbaycan)”nın İdarə Heyətinin sədri Yevgeni Kirin, Vadim Klimenko və Roman Rudakov isə digər üzvlərdir. Qeyd edək ki, Y.Cəlilov “Xəzər” Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb.

O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb. Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.

Onu da əlavə edək ki, Y.Cəlilov Azərbaycan Banklar Assosiasiyasında Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Eskpert qrupunun sədridir.