Əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər nəticəsində AZIR indeksi (Azerbaijan Interbank Rate) uçot faiz dərəcəsinə yaxınlaşaraq aradakı spred minimum səviyyəyə çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin əvvəlindən iyun ayının sonunadək AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred ortalama 0,18 faiz bəndi təşkil edirdi. İyul-sentyabr aylarında isə bu göstərici 0,04 faiz bəndinədək azalıb.
İlin ilk 9 ayında Mərkəzi Bank 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notlar üzrə 118 hərrac keçirib. Hərraclardan 30-u 28 günlük, 29-u 84 günlük, 30-u 168 günlük, 29-u isə 252 günlük notlar üzrə olub. Avqust ayında dövriyyədə olan notların qalığı maksimum səviyyəyə çataraq 744,2 milyon manat, sentyabrın sonuna isə 622,4 milyon manat təşkil edib.
Əməliyyat çərçivəsinin təkmilləşdirilməsi ilə fevral ayından not hərraclarında minimum iştirakçı sayı tələbi aradan qaldırılıb. Son hərraclarda gəlirlilik göstəriciləri aşağıdakı səviyyədə olub:
- 28 günlük notlar – 6,92%
- 84 günlük notlar – 6,94%
- 168 günlük notlar – 6,99%
- 252 günlük notlar – 7,06%
Qeyd edək ki, AZIR — Azərbaycanda milli valyuta ilə banklararası təminatsız qısa müddətli kredit-borc əməliyyatlarının orta faiz dərəcəsini əks etdirən göstəricidir.
Fuad Mədətov
Finss.az
