Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi (Taksonomiyaların Yol Xəritəsi Təşəbbüsü), Dayanıqlı Biznes üzrə COP (SB COP) və İnkişafın Maliyyələşdirilməsi üzrə Beynəlxalq Klub (IDFC) ilə əməkdaşlıq çərçivəsində BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP30) zamanı “Bakıdan Belemə: Özəl kapitalın cəlb edilməsini stimullaşdırmaq üçün taksonomiyanın qarşılıqlı əlaqəliliyinin inkişafı” adlı yüksək səviyyəli tədbir təşkil edəcək.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, İqlim və dayanıqlılıq məqsədləri üçün maliyyələşdirmənin səfərbər edilməsi zərurəti getdikcə daha da aktuallaşır. Bu tədbir 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon ABŞ dolları səfərbər edilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfini müəyyən edən COP29-un nəticələrinə əsaslanaraq şəffaflığı, müqayisəliliyi və sərhədlərarası investisiyaları artırmaq üçün dayanıqlı maliyyə taksonomiyalarının uyğunlaşdırılması üzrə qlobal dialoq üçün effektiv platforma rolunu oynayacaq.
Bu tədbir hökumətlərin, inkişafı maliyyələşdirən qurumların və özəl sektorun liderlərini bir araya gətirəck, dayanıqlı maliyyə taksonomiyalarının gücləndirilmiş əlaqəliliyi vasitəsilə özəl kapital səfərbərliyinin genişləndirilməsi üçün praktik həll yollarını araşdıracaq. Bu təşəbbüs, ortaq bir dil və ümumi standartları təşviq etməklə, fraqmentasiyanı azaltmağı, innovasiyanı təşviq etməyi, həmçinin kapitalı etibarlı və təsirli iqlim investisiyalarına yönəltməyi hədəfləyir.
Bu sessiya və digər COP30 tədbirləri vasitəsilə Taksonomiyaların Yol Xəritəsi Təşəbbüsü öz missiyasını yerinə yetirmək üçün aşağıdakı əsas layihələri və həlləri təqdim edəcək:
1. Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsünün icra vəziyyətinə dair hesabat: Bu hesabat dayanıqlı maliyyə taksonomiyalarının inkişafı və əlaqəliliyi üzrə qlobal trendlərin, irəliləyişlərin və ən yaxşı təcrübələrin analitik icmalını təqdim edir. Burada Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsünün icrasının gedişi və daha geniş taksonomiya mənzərəsi nöqteyi-nəzərindən irəliləyişlər ətraflı şəkildə təsvir edilir.
2. Taksonomiyanın əlaqəliliyi prinsipləri: Bu yüksək səviyyəli prinsiplər toplusu taksonomiyanı formalaşdıran və siyasəti müəyyən edən qurumlar, yurisdiksiyalar arasında əlaqəliliyi və müqayisəliliyi təşviq etmə mövzusunda təlimatlandırmaq məqsədilə hazırlanıb. Prinsiplər Taksonomiyanın Yol Xəritəsinin praktik tətbiqini dəstəkləyərək həm inkişaf, həm də tətbiq mərhələlərində əlaqəliliyin təşviq edilməsi səylərini gücləndirməyi hədəfləyir.
3. Dayanıqlı Maliyyə Taksonomiyasının xəritələnməsi sistemi: Bu sistem istifadəçilərə müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarını müqayisə etməyə, istiqamətləndirməyə və təhlil etməyə imkan verən qlobal ictimai faydalı rəqəmsal vasitədir. O, taksonomiya meyarlarını, strukturlarını və məqsədlərini ardıcıl və əlçatan formatda xəritələşdirərək əlaqəliliyi, şəffaflığı və məlumata əsaslanan qərar qəbuletmə prosesini dəstəkləyir.
4. Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsü üçün veb-sayt: Taksonomiyanın effektiv şəkildə tətbiqi və koordinasiyası üçün məlumat və resurs əlçatanlığını təmin edən xüsusi rəqəmsal platforma hazırlanıb. Bu platforma vasitəsilə Yol Xəritəsi üzrə yeniliklər paylaşılacaq, tərəfdaşların cəlb olunması asanlaşdırılacaq və qlobal miqyasda tərəfdaşlar arasında əməkdaşlıq təşviq olunacaqdır.
Bu addım dayanıqlı maliyyə arxitekturasını gücləndirmək üçün beynəlxalq əməkdaşlığın artan tempini vurğulayır. Bu təşəbbüs taksonomiyaların əlaqəliliyi və müqayisəliliyini inkişaf etdirməklə özəl kapital axınlarını stimullaşdırmağı və aşağı karbonlu qlobal iqtisadiyyata doğru inklüziv və ədalətli keçidi dəstəkləməyə yönəlmişdir.
Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsü
Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsü COP29 zamanı yaradılan könüllü, çoxtərəfdaşlı platformadır. Bu təşəbbüs dayanıqlı maliyyə taksonomiyaları arasında əlaqəliliyin və müqayisəliliyin inkişaf etdirilməsinə yönəlib. Bu təşəbbüs yurisdiksiyalar arasında uyğunluğu təşviq etmək, şəffaflığı yüksəltmək və dayanıqlı investisiya üçün kapital səfərbərliyini asanlaşdırmaq məqsədilə qlobal əməkdaşlığı dəstəkləyir.
Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsü aşağıdakı qurumları əhatə edir: Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platforma (IPSF), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Beynəlxalq Əməkdaşlıq üzrə Alman Cəmiyyəti (“Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH”), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının Maliyyə Təşəbbüsü (UNEP FI), İqlim İstiqrazları Təşəbbüsü (CBI), Avropa Birliyinin Dayanıqlı Maliyyə üzrə Məsləhət Mərkəzi, Məsuliyyətli İnvestisiya Prinsipləri (PRI) və Braziliyanın Maliyyə Nazirliyi.
Taksonomiyanın Yol Xəritəsi Təşəbbüsü və onun planlaşdırılan nəticələri haqqında daha çox məlumat üçün bu səhifəyə daxil olun: www.TaxonomiesRoadmap.org
Fuad Mədətov
Finss.az
