İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 219 tam təmirli yeni mənzili vətəndaşlara təklif edir.
Bu barədə Finss.az-a İKZF-dan məlumat verilib.
Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişlər 347 manatdan başlayır. Yeni mənzillərin seçimi 20 noyabr 2025-ci il, saat 15:00-dan etibarən açıq olacaq.
Vətəndaşlar təqdim olunan mənzillərin siyahısı ilə Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən (e-gov.az portalına inteqrasiya olunmuş şəkildə) tanış ola və seçim edə bilərlər.
Satmaq öhdəliyi ilə kirayəyə verilmə prosesi, müraciətlərin qəbulu, seçim və rəsmiləşdirmə barədə ətraflı məlumat Fondun rəsmi saytı (www.mcgf.gov.az), Youtube kanalı (@ipotekavekreditzemanetfondu) və “1549” Çağrı Mərkəzi vasitəsilə əldə oluna bilər.
Qeyd edək ki, indiyədək bu mexanizm çərçivəsində 8 456 kirayə müqaviləsi bağlanıb.
Fuad Mədətov
Finss.az
