BANK

09 Oktyabr

Azərbaycanda ipoteka və kirayə bazarında mənzil qiymətləri son 5 ildə xeyli bahalaşıb

Mənzil qiymətləri son 5 ildə 46% artıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2020-ci ilin iyun ayı ilə müqayisədə mənzil qiymətləri 46% artıb. İlkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir, 2020-ci ildə pandemiya ilə əlaqədar qiymətlər nisbətən sabit qalsa da, sonrakı illərdə artım meylləri müşahidə olunub.

2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi və yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin yüksəlməsi əlçatanlıq indeksində azalmaya səbəb olub. Bununla belə, əhali gəlirlərinin müsbət dinamiki əlçatanlıq indeksinin bençmark göstəricidən yüksək olmasını təmin edib.

İyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat, daşınmaz əmlakın kapitalizasiya müddəti 22,5 il, orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti isə 217 ay və ya 18,1 il təşkil edib.

Tikinti sektoruna yönəldilmiş investisiyalar dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsait və əsas kapitala yönəldilmiş investisiyalardakı pay artır, bazar aktivliyi yüksəlir.

Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artımı həm yüksək tələblə, həm də dövlət və özəl sektorun yeni layihələri ilə bağlıdır. Ümumilikdə, investisiya axınlarının bərpası, tikinti-quruculuq işləri və sənədsiz evlərin sənədləşdirilməsi prosesi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir.

Fuad Mədətov
Finss.az