Bu ilin ilk yarısında bankların əksəriyyəti mənfəətlə fəaliyyət göstərib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə işləyib.
Məlumata əsasən, 21 bankın mənfəəti 580 milyon manat, zərərlə fəaliyyət göstərən 1 bankın zərəri isə 2 milyon manat olub.
Bank sektorunun ROA (aktivlərin gəlirliliyi) göstəricisi 2.1% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz xərclərinin artması fonunda ROA 0.4 faiz bəndi azalaraq 2.1%-ə düşüb.
Sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləridir. Belə ki, faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 21% (411 milyon manat) və 13% (101 milyon manat) artdığı halda, faiz və qeyri-faiz xərcləri müvafiq olaraq 55% (302 milyon manat) və 16% (203 milyon manat) yüksəlib.
Qeyd olunub ki, son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin artması və əməliyyat xərclərinin yüksəlməsi bank sektorunun xərclərinin artmasına səbəb olub.
Fuad Mədətov
Finss.az