BANK

02 Oktyabr

Azərbaycanda inflyasiya 2025 və 2026-cı illərdə 4,2% və 3,5% səviyyəsində qalacaq – Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır.

Finss.az xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) 2025-ci ilin qalan dövründə Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır. Bankın sentyabr proqnozlarına görə, 2025 və 2026-cı illər üzrə inflyasiya təxminləri müvafiq olaraq 4,2 faiz və 3,5 faiz olaraq dəyişməz qalır.

AİB-in hesablamalarına görə, 2022-ci ildə ölkədə inflyasiya 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə isə 2,2 faiz təşkil edib.

Bankın hesabatında qeyd olunur ki, 2025-ci ilin birinci yarısında idxal qiymətlərinin artması və 2024-cü ilin ortalarında, eləcə də 2025-ci ilin əvvəlində inzibati bahalaşmalar səbəbindən inflyasiya sürətləndi. İllik orta inflyasiya 2024-cü ilin birinci yarısındakı 0,7 faizdən 5,9 faizə yüksəldi. Ərzaq məhsulları 6,6 faiz, digər mallar 2,7 faiz, xidmətlər isə 7,5 faiz bahalaşdı. Lakin ilin ikinci yarısında inzibati qiymət tənzimləmələrinin təsiri zəiflədikcə inflyasiyanın azalacağı gözlənilir.

AİB ekspertləri bildirirlər ki, inflyasiya 2–6 faiz hədəf intervalında qaldığı üçün Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul ayında may 2024-dən sonra ilk dəfə uçot dərəcəsini 7,25 faizdən 7,00 faizə endirib. Hesabatda vurğulanır ki, 2025-ci ilin ikinci yarısında inflyasiyanın zəifləyəcəyi gözlənildiyindən, 2025 və 2026-cı illər üzrə inflyasiya proqnozları dəyişməz qalır.