Finss.az - 2025-ci ilin payızında qlobal fintech sektoru inkişaf tempini sürətləndirib və istifadəçilərinə yeni nəsil funksiyalar təqdim edib. McKinsey Company və Finextra kimi beynəlxalq mənbələrin məlumatına görə, süni intellekt əsaslı maliyyə planlaması, avtomatik xərclərin kateqoriyalaşdırılması, kriptovalyuta inteqrasiyası və sürətli ödəniş imkanları ilin ən aktual trendləri sırasındadır.
Klarna şirkətinin baş direktoru Sebastian Siemiatkowski bildirib ki, onların tətbiq etdiyi yeni AI əsaslı model sayəsində biznes ideyaları real vaxtda test olunur və məhsul inkişafı 10 dəfə daha sürətlə həyata keçirilir.
Eyni zamanda, Revolut tətbiqi kriptovalyuta ödənişlərini genişləndirib və istifadəçilərə 25-dən çox rəqəmsal aktivlə gündəlik əməliyyat aparmaq imkanı yaradıb. Şirkətin açıqlamasına əsasən, bu funksionallıq ilk olaraq Avropa İttifaqı ölkələrində tətbiq olunur, daha sonra isə ABŞ və Asiya bazarına inteqrasiya ediləcək.
Azərbaycan da fintech ekosistemində yeniliklərdən geri qalmayıb. Baku Fintex Summit 2025 çərçivəsində Kapital Bank, PASHA Bank və bir sıra yerli startaplar süni intellekt dəstəyi ilə yeni maliyyə həllərini təqdim edib. Tədbirdə qeyd olunub ki, artıq yerli tətbiqlərdə “xərclərin avtomatik izlənməsi” və “sürətli P2P ödənişlər” funksiyaları aktiv şəkildə istifadə olunur.
Ekspertlərin fikrincə, qlobal və regional miqyasda fintex tətbiqlərinə əlavə edilən bu funksiyalar maliyyə xidmətlərinin demokratikləşməsinə, rəqəmsal bankçılığın sürətlənməsinə və istifadəçi təcrübəsinin yaxşılaşmasına ciddi təsir göstərir.