Finss.az “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (CIIC) 2024-cü ili 616.1 min manat xalis zərərlə başa vurub.
Halbuki ötən il şirkətin zərəri 556.5 min manat təşkil etmişdi. Gəlirlərin cüzi artımına baxmayaraq, əməliyyat və maliyyə itkiləri ümumi nəticələrə mənfi təsir göstərib.
Banker.az xəbər verir ki, bu barədə məlumat şirkətin 2024-cü il üzrə illik audit hesabatında yer alıb.
Gəlir artıb, amma mənfəət azalıb
Şirkətin illik gəlirləri 1 milyon 31.2 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 4% artım deməkdir. Dividend gəlirləri isə əhəmiyyətli şəkildə – 38.3 min manatdan 88.9 min manata yüksəlib. Bu göstərici 132% artıma bərabərdir.
Bununla yanaşı, maliyyə aktivlərindən yaranan zərər 144.2 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu sahədən 110.9 min manat mənfəət əldə olunmuşdu.
Ümumi mənfəət 88% azalıb
Satışların maya dəyəri 12% artaraq 981.4 min manata çatıb. Bu isə gəlirin artmasına baxmayaraq, ümumi mənfəətin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub – 2023-cü ildə 367.4 min manat olan bu göstərici 2024-cü ildə cəmi 44.7 min manat olub. Azalma 88% təşkil edir.
İdarəetmə və əməliyyat xərcləri də 578 min manatdan 679 min manata yüksəlib – 17% artım. Bu faktorlar nəticəsində əməliyyat zərəri üç dəfədən çox artaraq 210.1 min manatdan 634.4 min manata çatıb.
Aktivlər və öhdəliklər azalıb
Hesabat dövründə “Xəzər İnvestisiya”nın ümumi aktivləri də azalıb. Belə ki, 2023-cü ildə 20 milyon 557.7 min manat olan ümumi aktivlər 2024-cü ildə 15 milyon 954.8 min manata düşüb – bu 22% azalma deməkdir.
-
Qeyri-dövri aktivlər: 9.6 milyon manatdan 9.3 milyon manata
-
Dövriyyə aktivləri: 10.9 milyon manatdan 6.7 milyon manata (-39%)
-
Nağd vəsaitlər: 7.7 milyon manatdan 3.8 milyon manata (-50%)
Bununla yanaşı, şirkətin öhdəlikləri 1 milyon 193.6 min manatdan 82.9 min manata düşüb – bu da 93% azalma deməkdir. Pay kapitalı isə 12% azalaraq 24.2 milyon manat olub.
Səhmdar tərkibi
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 24.2 milyon manat təşkil edir. Səhmdarlar arasında:
-
İslam İnkişaf Bankı – 28%
-
Azərbaycan İnvestisiya Şirkəti ASC – 24%
-
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası – 18%
-
Al Ahmar Group for Trading, Industrial General Agencies – 16%
-
Saham Holding Company – 14%