2025-ci ilin iyun ayının sonunda Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilmiş kreditlərin ümumi həcmi 1 milyard 503 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,6 milyon manat və ya 3,8 faiz artıb. 2024-cü ilin iyununda bu rəqəm 1 milyard 449 milyon manat səviyyəsində olub.
Eyni zamanda, cari ilin iyun ayının sonuna bank sektorunun ümumi biznes kredit portfeli 15 milyard 144 milyon manat təşkil edib.
2025-ci il iyulun 1-nə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin sayı 12 min 200 olub. Bu, kommersiya qurumlarının təqribən 6 faizini təşkil edir.
Kiçik sahibkarların əsas fəaliyyət sahələri aşağıdakı kimi bölgü göstərir:
* ticarət və nəqliyyat vasitələrinin təmiri – 36%
* tikinti – 10,9%
* emal sənayesi – 9,8%
* peşə, elmi və texniki fəaliyyət – 8%
Fuad Mədətov
Finss.az