2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2371 layihəyə ümumilikdə 126,4 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
Finss.az Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, bu kreditlər hesabına təxminən 1800 iş yerinin yaradılması planlaşdırılır.
Verilən kreditlərin 94,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarların payına düşür və ümumi güzəştli kredit məbləğinin 70 faizi bu sahibkarlara yönəldilib.
Fondun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Yanvar-iyun ayları ərzində verilmiş kreditlərin 48,1 faizi sənaye (o cümlədən kənd təsərrüfatı məhsullarının emalı), 44,3 faizi kənd təsərrüfatı, 5,3 faizi xidmət sektoru və 2,3 faizi digər sahələrdə fəaliyyət göstərən layihələrə sərf olunub.
Güzəştli kreditlərdən yararlanan sahibkarların böyük əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Belə ki, layihə sayı üzrə 99,8 faiz, kredit məbləği üzrə isə 90,4 faiz mikro, kiçik və orta sahibkarlara aiddir.
Eyni zamanda, qadın və gənc sahibkarlara aid layihələrə xüsusi diqqət göstərilib. Qadın sahibkarların 226 layihəsi üçün 8,4 milyon manat, gənc sahibkarların 63 layihəsi üçün isə 3,7 milyon manat güzəştli kredit ayrılıb.
Fuad Mədətov
Finss.az